"Dağlıq Qarabağ münaqişəsini anlamaq üçün tarixi həqiqətlərə istinad etmək kifayətdir. Son hərbi əməliyyatlar nəticəsində geri qaytarılan torpaqlar Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri idi".
Bu fikirləri "Report"un Fransa bürosuna açıqlamasında fransalı tarixçi, jurnalist Alən Rumestan (Alain Roumestand) bildirib.
O, Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu deyib: "Azərbaycan qərblə şərq arasında bir körpüdür. Sənədləşdirilmiş məqalə üzərində işlədiyim zaman Azərbaycana gedib qadın siyasətçilər, sahibkar və sənayedə məsul vəzifələrdə çalışan qadınlarla görüşmüşəm və bu zaman özüm şəxsən müsəlman ölkəsində qadının yüksək mövqeyinin şahidi olmuşam. Azərbaycandakı mültikulturalizm Fransada hər zaman müsbət qiymətləndirilib. Fransa ilə Azərbaycan arasında istər diplomatik, istərsə də iqtisadi münasibətlər hər zaman yüksək səviyyədə olub".
A.Rumestan vurğulayıb ki, iki ölkə arasında münasibətlər bundan sonra daha da möhkəmləndirilə bilər: "Bu gün Fransa Azərbaycanda Ermənistanı dəstəkləyən, 2020-ci ildəki hərbi əməliyyat zamanı bitərəfliyini itirən ölkə kimi tanınır. Bir qrup fransalı parlamentarinin Ermənistanın tərəfini tutması, bəzi ziyalıların "müsəlman Azərbaycan xristian Ermənistanı məhv etmək istəyir" kimi çıxışları təbii olaraq azərbaycanlılar tərəfindən mənfi qarşılanıb. Lakin Fransa yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən şirkətləri vasitəsilə qarşılıqlı iqtisadi inkişaf siyasətini gücləndirməlidir. Fransanın Azərbaycanda enerji, aviasiya, kosmika sənayesi, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı sahələrində 50-dən çox şirkəti fəaliyyət göstərir. Dağlıq Qarabağdan didərgin düşmüş azərbaycanlı məcburi köçkünlər tədricən öz torpaqlarına qayıdacaqlar. Lakin bu ərazilər tamamilə dağıdılıb. Fransa azad edilmiş torpaqların yenidən qurulmasında yaxından iştirak edə bilər. Fransa Ermənistanla Azərbaycan arasında balanslı siyasət apara və regionun iqtisadi inkişafı üçün müsbət şərait yaratmağa öz töhfəsini verə bilər".
Fransalı tarixçi Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasına da toxunub: "30 illik Dağlıq Qarabağ münaqişəsini anlamaq üçün tarixi həqiqətlərə istinad etmək kifayətdir. Son hərbi əməliyyatlar nəticəsində Azərbaycanın geri qaytardığı torpaqlar Ermənistana məxsus deyildi, onlar Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri idi. Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün ümidlər yaranmışdı. O, sələfi kimi Dağlıq Qarabağdan deyildi. İşğal olunmuş torpaqları qaytarmaqla böhrandan çıxış mümkün idi. Azərbaycan liderləri, şübhəsiz ki, iki ölkə arasında vəziyyətin dəyişə biləcəyinə inanırdılar Təəssüf ki, ictimai rəy və ordunun təhriki ilə Ermənistanın baş naziri təhlükəli bir müharibəyə başladı. Lakin beynəlxalq hüquqa zidd olaraq işğal edilən əraziləri sahibinə qaytarmaq daha ağıllı olardı. Azərbaycan bu gün Dağlıq Qarabağda sülhdən başqa bir şey istəmir. Fransa, Rusiya və ABŞ-a birlikdə ATƏT-in Minsk qrupunun həmsədridir. Nəhayət, Minsk qrupu öz məsuliyyətini anlamalı və tezliklə sülh naminə fəaliyyətə keçməlidir".