Paris. 24 sentyabr. REPORT.AZ/ "Azərbaycanın memarlıq üslubunda milli ənənələrə, keçmişə hörmət öz əksini tapıb".
Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında Müdriklik Qovşağı Assosiasiyasının sədri, Sərhədsiz İnkişafməramlılar Assosiasiyasının həmsədri Danyel Russo bildirib.
Onun sözlərinə görə, Fransada Azərbaycanı o qədər də tanımırlar: "Mən Fransada Azərbaycanın Dostları Assosiasiyasının İdarə Heyətinin üzvüyəm. Azərbaycanı çox yaxşı tanıyıram. Bu assosiasiyaya üzv olmağım Azərbaycanı, dəyərlərini Fransada tanıtmaq istəyimlə bağlı olub. Mən Azərbaycan mədəniyyəti, dəyərləri və prinsipləri ilə tanışlıqdan sonra onları çox bəyəndim və həmin vaxtdan hər bir fransızın bu mötəbər dəyərlərlə tanış olmasına imkan yaratmağa çalışıram. Xüsusilə Azərbaycanda qadınlara 100 il əvvəl səsvermə hüququ verilib və bu çox böyük tarixi əhəmiyyətə malik hadisələrdəndir".
D.Russo deyib ki, Azərbaycanda tolerantlıq kağız üzərində deyil, real həyatda movcuddur: "İnsanlar bir-biri ilə qarşılıqlı hörmət, anlaşma və sülh şəraitində yaşayırlar. "Bakı Prosesi"nin özü təqdirəlayiq təşəbbüs və addımdır. Hesab edirəm ki, Azərbaycan tolerantlıq modeli dünyaya nümunə ola bilər. Təəssüf ki, bir sıra ölkələrdə tolerantlığın səviyyəsi enməkdədir. Bu ölkələr sırasında Tunisi misal göstərə bilərik. Hətta Fransanın özündə belə tolerantlığın təbliğini gücləndirməyimiz tələb olunur".
Fransalı ekspert qeyd edib ki, Azərbaycan qarşısına çıxan gözəl fürsətlərdən bəhrələnməyi bacaran ölkədir: "Mən Azərbaycanda olarkən "varlı Azərbaycan" və "kasıb Azərbaycan" yox, bu iki məfhumun özündə uğurlu sintezini yarada bilmiş Azərbaycan gördüm. Mən Azərbaycandaykən balanslı inkişafın şahidi oldum".