Fransalı deputat: “Dağlıq Qarabağ münaqişəsinə qarışmamağı məqsədəuyğun saydıq“ - MÜSAHİBƏ

Fransalı deputat: “Dağlıq Qarabağ münaqişəsinə qarışmamağı məqsədəuyğun saydıq“ - MÜSAHİBƏ Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvü, Sosial məsələlər komissiyasının sədr müavini Jan-Pyer Dorun “Report“un Qərbi Avropa bürosuna müsahibəsi.
Xarici siyasət
17 Aprel , 2019 14:06
Fransalı deputat: “Dağlıq Qarabağ münaqişəsinə qarışmamağı məqsədəuyğun saydıq“ - MÜSAHİBƏ

Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvü, Sosial məsələlər komissiyasının sədr müavini Jan-Pyer Dorun “Report“un Qərbi Avropa bürosuna müsahibəsi.

- Siz nə vaxtdan Fransa-Azərbaycan dostluq qrupunun üzvüsünüz və bu parlamentlərarası qurumun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Mən 2012-ci ildən Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun tərkibinə daxiləm. Hər iki ölkəni ictimaiyyətə daha yaxından tanıtdırmaq üçün bu qrup vasitəsilə səmimi mübadilələr aparırıq. Məsələn, Fransada demokratiyanın necə təşəkkül tapdığı və inkişaf etdirildiyi, həmçinin digər məsələlər ətrafında istər Parisdə, istərsə də Bakıda görüşüb müzakirələr aparırıq. Eyni zamanda Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvüyəm.

- Fransa-Azərbaycan münasibətlərinin bugünkü inkişafı barədə nə düşünürsünüz?

- Azərbaycanla Fransa arasında idman, mədəniyyət, iqtisadiyyat, təhsil və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir. Bakıda Fransanın sabiq Prezidenti Nikola Sarkozinin bünövrəsini qoyduğu və digər keçmiş Prezident Fransua Hollandın açılışını etdiyi Bakı Fransız Liseyində olmuşam. Təbii ki, elm sahəsində də mübadilələrimiz var. Azərbaycanın elm adamları ilə fransız professorlar arasında əlaqələr inkişaf etməkdədir. Eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələr də uğurla inkişaf edir. Buna Fransa şirkətlərinin Azərbaycandakı fəaliyyətini nümunə göstərmək olar.

- Fransa mətbuatında da Azərbaycan haqqında tez-tez həqiqətəuyğun olmayan məlumatlar yayılır...

- Təbii ki, Fransada da başqa ölkələrdə olduğu kimi media həmişə ədalətli olmur. Bəzən həqiqətəuyğun olmayan, yanlış fikirlərə rast gəlirik. Mən Bakıda səfərdə olarkən bu mövzunu müzakirə etmişik və suallarımıza verilən cavablar tamamilə qənaətbəxş olub. Həqiqətən bir sıra ölkələrə münasibətdə bizim mətbuatda bəzi qəliblər mövcuddur.

- Bəs Azərbaycanla bağlı həqiqətləri Fransa ictimaiyyətinə necə çatdıra bilərik?  

- İki ölkə arasında əməkdaşlığı, qarşılıqlı mübadilələri davam etdirməliyik. Azərbaycan kimi multikulturalizm ənənələrini inkişaf etdirən çox az ölkə var. Hətta Azərbaycanda bu məsələ ilə məşğul olan dövlət qurumu da fəaliyyət göstərir. Bakıya səfərimiz zamanı bizə bu sahədə görülən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Məncə, Azərbaycanın təcrübəsi yaxından öyrənilməlidir.

- Sizcə, Azərbaycanla bağlı yanlış fikirlərin formalaşmasında Fransadakı erməni lobbisinin təsiri varmı?

- Sözsüz ki, bu məsələdə erməni lobbisinin rolu var. Biz bu cür məsələlərə qarışmırıq. Fransanın da digər ölkələrlə münaqişələri olub. Bizim heç kimə dərs verməyə haqqımız yoxdur.

- Bəs Fransa şəhərləri ilə Dağlıq Qarabağdakı separatçıları arasında "dostluq xartiyaları"nın imzalanması barədə nə deyə bilərsiniz? 

- Mənim şəhərimdə belə problem yoxdur. Fransa-Azərbaycan dostluq qrupu ölkələrin qonşuları ilə daxili məsələlərinə müdaxilə etmir. Münaqişələri ölkələr öz aralarında nizamlamalıdırlar. Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hökumətlər arasında diplomatik səviyyədə həllini tapmalıdır. Fransa Milli Assambleyasında Araşdırma komissiyası yaradılmışdı. Mən də onun tərkibinə daxil idim. Biz həmin vaxt bu cür məsələlərə qarışmamağı məqsədəuyğun saydıq. Elə Fransa Milli Assambleyasının Xarici əlaqələr komissiyasının rəhbəri də bunu səbəb göstərərək Araşdırma komissiyasının üzvlüyündən çıxmışdı.

- Azərbaycana səfərlərinizdən ən çox yadınızda qalan məqamlar hansılardır?

- Mən Azərbaycanı ilk dəfə üç il bundan əvvəl tanımışam. Qonaqpərvər xalq və millətindən, dinindən asılı olmayaraq, hər bir insanın birgə mehriban yaşadığı cəmiyyət kəşf etmişəm. Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatını çox böyük uğurla möhkəmləndirməyə nail olub. Azərbaycan irəliləyişə nail olmaq üçün əzm nümayiş etdirir və digər ölkələrə, xüsusilə də Avropaya açıq olduğunu göstərir. 

Son xəbərlər

Orphus sistemi