Yuxarı

Elmar Məmmədyarov yunanıstanlı həmkarı ilə TAP və TANAP layihələrini müzakirə edib

Azərbaycan XİN başçısı Nikolaos Kotzias ilə görüşüb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində yunanıstanlı həmkarı Nikolaos Kotzias ilə görüşüb.

Azərbaycan XİN-dən "Report" daxil olan məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin, xüsusilə enerji layihələri üzrə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov TANAP və TAP qaz boru xəttinin inşasının uğurla davam etdirildiyini qeyd edərək, bu layihələrin keçəcəyi ölkələr və regionlar boyunca əməkdaşlığa, yeni iş yerlərinin açılmasına və inkişafa xidmət edəcəyini və regionun enerji mənzərəsini dəyişəcəyini vurğulayıb.

Nikolaos Kotzia Azərbaycan və Yunanıstan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bir çox sahədə geniş imkanların mövcudluğunu qeyd edib. İki ölkə arasında rəsmi səfərlərin və hökumətlərarası komissiyaların önəmindən danışan yunanıstanlı nazir siyasi məsləhətləşmələr aparmaq məqsədilə Azərbaycana səfər etmək niyyətini bildirib.

Elmar Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti ilə bağlı məlumat verib. O, Ermənistanın müxtəlif təxribat əməlləri vasitəsilə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyəti gərginləşdirdirməsi, atəşkəs rejimini intensiv şəkildə pozması faktlarını qeyd edərək, Ermənistanın əsl məqsədinin danışıqlar prosesinə xələl gətirmək və işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək olduğunu vurğulayıb.

Daha sonra miqrant problemi və turizm sahəsində əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi