Elmar Məmmədyarov: "Ermənistan Sərsəng su anbarından təhdid məqsədilə istifadə edir"

Elmar Məmmədyarov: "Ermənistan Sərsəng su anbarından təhdid məqsədilə istifadə edir" "Ermənilər yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, isti aylarda isə onun istifadəsinə imkan vermir"
Xarici siyasət
25 Avqust , 2015 17:00
Elmar Məmmədyarov: Ermənistan Sərsəng su anbarından təhdid məqsədilə istifadə edir

Bakı. 25 avqust. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi” mövzusunda məruzəçisi Milica Markoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Cənubi Qafqaz regionu və Azərbaycanda su təminatı məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. O, beynəlxalq sənədlərdə təsbit edildiyi kimi sudan istifadənin azad xarakter daşımalı olduğunu bildirib.

Suyun humanitar mahiyyət kəsb etdiyini qeyd edən nazir E.Məmmədyarov vaxtilə tikilmiş Sərsəng su anbarının ətrafda yaşayan insanların və kənd təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulduğu barəsində məlumat verib. Nazir Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində insanların Sərsəng su anbarından istifadədən məhrum qaldıqlarını diqqətə çatdırıb. O əlavə edib ki, Ermənistan Sərsəng su anbarından təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir.

Milica Markoviç bütün xalqların dilində deyildiyi kimi, insanın çörəksiz yaşaya bildiyi halda, susuz yaşaya bilmədiyini vurgulayıb. Ona görə də bu layihənin sırf humanitar məqsəd daşıdığını qeyd edən Milica Markoviç siyasi məqamların da istisna edilmədiyini nəzərə çatdırıb.

Münaqişənin həlli prosesi haqqında məlumat verən E.Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazı olduğunu vurğulayıb. "Biz o zaman razı olardıq ki, Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılsın" deyən E.Məmmədyarov ATƏT-in Minsk qrupunun fəaliyyətinin hər hansı nəticəsinin olmadığını qeyd edib.

E.Məmmədyarov hesabat hazır olandan sonra AŞPA üzvləri və geniş beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar fəsadlarından olan Azərbaycan əhalisinin üzləşdiyi su problemi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklərinə ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi