​Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi Aİ-nin qonşuluğunda ciddi təhlükədir

​Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi Aİ-nin qonşuluğunda ciddi təhlükədir Azərbaycanın XİN rəhbəri “Şərq tərəfdaşlığı” və Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə çıxış edib
Xarici siyasət
21 Aprel , 2015 00:36
​Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi Aİ-nin qonşuluğunda ciddi təhlükədir

Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 20-də Lüksemburqda “Şərq tərəfdaşlığı” Proqramına üzv ölkələrin və Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin 6-cı görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov görüşdə çıxış edib.

O bildirib ki, Vilnüs sammitindən sonrakı hadisələr təəssüf ki, digər münaqişənin başlanması da daxil olmaqla, bütün "Şərq Tərəfdaşlığı" regionuna çoxsaylı çağırışlar gətirib.

"Şərq Tərəfdaşlığı" məkanında bütün münaqişələr oxşar ssenari üzrə cərəyan edib və ərazi bütövlüyünün pozulması, işğal və separatizm kimi eyni ağır nəticələrə gətirib çıxarıb. Artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqe və həmrəylik nümayiş etdirməyin vaxtıdır", - deyə o qeyd edib.

XİN rəhbərinin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi "Şərq Tərəfdaşlığı"nın çoxtərəfli çərçivəsindən tam istifadə edilməsi üçün maneə olaraq qalmaqdadır və Aİ-nin birbaşa qonşuluğunda ciddi təhlükə olmaqda davam edir.

"Biz bununla əlaqədar olaraq, Aİ-nin Azərbaycannın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığına ardıcıl öhdəliyi ilə regionda mövcud olan təhlükəsizlik çağırışlarına qəti cavab nümayiş etdirməsini və BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar olaraq qəbul etdiyi müvafiq qətnamələrinin çox tezliklə yerinə yetirilməsinə israrla çağırırıq. Biz Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin region xalqları və bütün beynəlxalq ictimaiyyətin uzun müddət gözlədiyi sülh və təhlükəsizlik gətirəcəyinə qətiyyətlə inanırıq", - deyə nazir əlavə edib.

Azərbaycanın böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq və regiona sülh və sabitlik gətirmək üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışlarına dəfələrlə hazırlığını ifadə etdiyini bildirən E.Məmmədyarov təhlükəsizliklə bağlı davamlı problemlərin olmasına baxmayaraq, Vilnüsdən sonrakı dövrdə Azərbaycan-Aİ ikitərəfli münasibətlərində əhəmiyyətli irəliləyişin qeydə alındığını diqqətə çatdırıb.

"Enerji sahəsində strateji tərəfdaşlıq Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycan tərəfindən həyata keçirilən konkret tədbirlər sayəsində əhəmiyyətli dərəcədə inkişaf edib. Cənub Qaz Dəhlizinin Bakıda və daha sonra TANAP-ın Türkiyənin Qars şəhərindəki təməlqoyma mərasimləri Azərbaycanın Avropa bazarına alternativ qaz təchizatının qətiyyətli öhdəliyinin aydın təzahürü idi. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin dəstəyi ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası 12 fevral 2015-ci il tarixində Bakı şəhərində keçirilib. Növbəti iclasın yaxın zamanda Türkiyədə keçirilməsi planlaşdırılır", - deyə XİN rəhbəri qeyd edib.

O bildirib ki, Vilnüs Sammiti zamanı və ondan sonra Mobillik üzrə tərəfdaşlıq, viza sadələşdirilməsi və readmissiya sazişlərinin imzalanması ümumi məqsədlərimizin praktik icrası üçün zəruri əsas yaradıb.

Nazirin sözlərinə görə, Azərbaycan Aİ tərəfindən "Avropa Qonşuluq Siyasəti"nin əsaslı şəkildə nəzərdən keçirilməsi üçün başlanılan ictimai məsləhətləşmələri müsbət qiymətləndirir.

"Bununla əlaqədar olaraq, mən AQS-in nəzərdən keçirilməsində 4 mühüm məqam – fərqləndirmə, sahiblik, fokuslaşma və çeviklik üzrə müşahidələrimi bölüşmək istərdim:

Azərbaycan "Şərq Tərəfdaşlığının ikitərəfli səviyyədə daha böyük fərqləndirmə siyasətinin ilkin şərti kimi prioritet-verilən və layihə-əsaslı əməkdaşlığın qarşılıqlı fayda üçün müsbət nəticə vəd etməsindən əmindir. Bu prioritetlər Azərbaycanın geo-iqtisadi əhəmiyyəti və geosiyasi mövqeyi, eləcə də, onun xarici siyasətinin əsas prinsipləri nəzərə alınaraq işlənib hazırlanmalıdır.

Sahiblik bərabər tərəfdaşlıq və tərəflərin universal dəyərlərin və beynəlxalq hüququn əsas prinsiplərinə qarşılıqlı sadiqliyindən başlamalıdır, çünki onlar tərəflər arasında etibarlı münasibətlərin qurulmasının özülünü təşkil edir. Bu amil tərəfdaşlara münasibətdə seçici yanaşmaların istifadəsi nəticəsində tərəfdaşların Aİ-yə yaxınlaşmasına mənfi təsir göstərdiyi Şərq Tərəfdaşlığı coğrafiyasında Aİ-nin iştirakının müvəffəqiyyəti üçün həyati əhəmiyyətə malikdir.

Azərbaycan Aİ-nin diqqətini tərəfdaş ölkələrin inkişaf etdirmək istədiyi xüsusi əməkdaşlıq sahələri üzərində cəmləşdirməsi məsələsinə sadiqliyini dəstəkləyir. Bu Azərbaycan-Aİ əməkdaşlığında maraqların birləşdirilməsi və faydaların müəyyən edilməsinə kömək edəcəkdir. Aİ ilə əməkdaşlıq çərçivəsində iqtisadi inkişaf, enerji, internet bağlılığı (nəqliyyat, İKT, ümumi aviasiya məkanı), miqrasiya və mobilliyi təşviq etmək Azərbaycanın marağındadır. Eyni zamanda Aİ-nin AQS zonasında dini dialoq və mədəni müxtəlifliyi təşviq etmək niyyətini nəzərə alaraq, Azərbaycan mövcud çoxmədəniyyətli cəmiyyət üzrə həyat qabiliyyətli təcrübəsini paylaşmaqda çox maraqlıdır.

Azərbaycan hər iki tərəfin əvvəlki prinsiplərin tələblərini yerinə yetirə bildikləri halda çevikliyin asanlıqla icra edilə biləcəyinə inanır. AQS tarixi göstərib ki, Aİ siyasətinin tərəfdaşlara uyğunlaşdırılmasında çətinliklər davamlı olaraq “bir ölçü hamıya uyğundur” siyasəti, fərdi ehtiyacların səhv hesablanması, dəyərlər və maraqlar arasında ifrat qarşılıqlı asılılığın təhkim edilməsindən qaynaqlanır.

Bütün bunları nəzərə alaraq, Azərbaycan strateji tərəfdaşlıq ruhunda Aİ-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daha vurğulayır", - deyə E.Məmmədyarov söyləyib.

Nazir çıxışının sonunda Azərbaycanın iyun ayında Avropa tarixində əsas idman hadisələrindən biri olan və qitə üçün çox maraqlı və idmanın çox növünü əhatə edən innovativ tədbirə, ilk Avropa oyunlarına ev sahibliyi edəcəyini xatırladıb.

Son xəbərlər

Orphus sistemi