Elmar Məmmədyarov çinli həmkarı ilə görüşüb

Elmar Məmmədyarov çinli həmkarı ilə görüşüb Görüşdə Dağlıq Qarabağ münaqişəsi, iqtisadiyyat, nəqliyyat məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
14 Mart , 2016 15:38
Elmar Məmmədyarov çinli həmkarı ilə görüşüb

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çinə işgüzar səfəri çərçivəsində bu ölkənin XİN rəhbəri Yanq İ ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yanq İ iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğu bildirib. Çinli nazir Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusunun verilməsinə dair Memorandumun imzalanması münasibətilə təbriklərini çatdırıb və ölkəsinin Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı ailəsində görməkdən məmnun olduğunu bildirib.

Öz növbəsində, Azərbaycan və Çinin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə mövqeyinin yaxınlığını deyən Elmar Məmmədyarov hər iki ölkənin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazığını dəstəklədiklərini vurğulayıb. Elmar Məmmədyarov bu mövqeyin Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri zamanı hər iki ölkənin rəhbərləri tərəfindən imzalanmış “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”də bir daha təsbit olunduğunu diqqətə çatdırıb.

İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə toxunan Elmar Məmmədyarov bu xüsusda hökumətlərarası müştərək komissiyanın əhəmiyyətli rolunu qeyd edib. Azərbaycanın Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsini dəstəklədiyini deyən Elmar Məmmədyarov ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir hissəsi olduğunu bildirib. O, sınaq məqsədilə Çindən olan konteyner qatarlarının bu marşrut üzrə uğurla son məntəqəyə çatdığını qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin tezliklə işə düşməsi ilə bu imkanların daha da artacağını nəzərə çatdırıb.

Ermənistanın Azərbaycan münaqişəsi haqqında həmsöhbətə ətraflı məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin regional sülh və təhlükəsizlik üçün əsas hədə olduğunu söyləyib.

Yanq İ iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı həmkarının fikirlərinə şərik çıxdığını, Çinin nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini və ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu deyib. O, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi