Yuxarı

Elmar Məmmədyarov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşüb

Nazir Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsindən danışıb

Bakı. 3 sentybr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Uilyam Leysi Sinq Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin 90-cı illərin sonlarından fəaliyyət göstərdiyini qeyd edərək, təşkilat ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini nəzərə çatdırıb. O, Azərbaycanın miqrasiya siyasətinin həyata keçirilməsi, qanunvericilik və institusional bazanın yaradılması üzrə təcrübəsinin, qeyri-leqal miqrantların ləyaqətli və insani şəkildə saxlanması üzrə yaradılmış mərkəzin digər dövlətlər üçün nümunə olduğunu deyib.

Müasir dünyada XIX əsrə xas formada yalnız bir etnik tərkibdən ibarət olan dövlətin qeyri-mümkün olduğunu deyən Uilyam Leysi Sinq dövlətlərin müxtəlif etnik, dini və mədəni tərkiblə hesablaşmalı olduqlarını bildirib. Bu xüsusda o, Azərbaycanın zəngin multikulturalizm və tolerantlıq ənənələrinin dünya üçün örnək olduğunu deyib.

Xarici işlər naziri Elmar Məmmədyarov yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Ermənistanın mono-etnik tərkibli dövlət kimi mövcudluğu və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barəsində məlumat verib. Nazir münaqişənin həlli üzrə danışıqlar prosesində azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qayıtması məsələlərinin müzakirə mövzusu olduğunu qeyd edərək, onların mütləq şəkildə öz ata-baba yurdlarına qayıdacaqlarını vurğulayıb. Bu xüsusda, Dünya Bankı və digər qurumlarla məsləhətləşmələrin aparıldığını qeyd edib.

Elmar Məmmədyarov Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsinə toxunaraq, bu məsələyə Beynəlxalq Miqrasiya Təşkilatı və digər beynəlxalq qurumların ciddi diqqət yetirməsinin vacibliyini bildirib. O əlavə edib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüquqa əsasən qadağandır.

Elmar Məmmədyarov müstəqilliyinin ilk illərində əlverişli coğrafi mövqeyinə görə Azərbaycanın qeyri-leqal miqrasiya üçün daha çox tranzit məntəqəsi kimi maraq kəsb etdiyi halda, əldə etdiyi iqtisadi və sosial inkişaf nəticəsində Azərbaycanın indi potensial qeyri-leqal miqrasiya üçün cəlbedici ölkə olduğunu qeyd edib. Nazir əvvəlcədən həyata keçirilən planlı miqrasiya siyasəti və bu sahədə aparılmış institusional islahatlar nəticəsində Azərbaycanda miqrasiya məsələlərinin qanun çərçivəsində effektiv şəkildə tənzimləndiyini vurğulayıb.

Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatı ilə əlaqələrinin inkişafına əhəmiyyət verdiyini deyən nazir Elmar Məmmədyarov ölkənin uğurlu miqrasiya siyasəti, zəngin multikulturalizm və tolerantlıq ənənələri üzrə öz təcrübəsinin digər üzv dövlətlərlə bölüşməyə hazır olduğunu deyib.

Görüşdə son dövrlərdə Avropanı bürüyən miqrasiya problemləri, miqrantların dini mənsubiyyətə görə təsnif edilməsi, Aralıq dənizində miqrantların kütləvi ölüm halları və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi