Bakı. 20 sentyabr. REPORT.AZ/ BMT-dən sonra ikinci böyük dövlətlər qrupu olan Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin qorunub-saxlanılmasında və regional təhlükəsizlik, sosial və iqtisadi inkişaf kimi məsələlər də daxil olmaqla, geniş məsələlər dairəsinin müzakirəsində önəmli rol oynayır.
"Report" Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu sözləri XİN rəhbəri Elmar Məmmədyarov “Birtərəfli tədbirlərinin yayılması və tətbiqinin beynəlxalq hüquq və bu tədbirlərə məruz qalan xalqların haqlarını pozması” üzrə Qoşulmama Hərəkatının Nazirlər Görüşündə çıxışında deyib.
Venesuela Bolivar Respublikasına vacib bir mövzunun müzakirəsinə imkan yaradacaq görüşün təşkilinə görə təşəkkürümü ifadə edən nazir qeyd edib ki, Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə ədalət və qanunun aliliyinin sadiq müdafiəçisidir: "Qoşulmama Hərəkatı beynəlxalq problemlərin müzakirə edilməsində müxtəlif ideologiyaların təqdimatı baxımından səmərəli və dinamik platformadır.
İnkişaf etməkdə olan ölkələrə qarşı istifadə edilmiş birtərəfli məcburetmə tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, dövlətlərarası münasibətlərin sülh yolu ilə uzalaşdırılmasını təmin edən norma və prinsiplərə ziddir və dövlətlər arasında dialoq və siyasi anlaşma ruhuna xələl gətirir. Bu, beynəlxalq sülh və təhlükəsizliyin, eləcə də suveren dövlətlərin daxili işlərinə qarışmama prinsipinin pozulmasını əks etdirir.
Birtərəfli məcburetmə tədbirləri bu tədbirə məruz qalmış dövlətin əhalisinin iqtisadi və sosial inkişafının qarşısını alır və insanların hüquqularına, ərzaq və səhiyyə xidmətləri, yaşayış yerinin təmin edilməsi və zəruri sosial xidmətlər da daxil olmaqla, xüsusilə insanların sağlıq və rifahı baxımından standart yaşayış hüquqlarına mənfi təsir göstərir.
“Dayanıqlı İnkişaf Gündəliyi-2030” sənədində əks olunmuş davamlı inkişaf yolunun uğurla başladılması birtərəfli məcburetmə tədbirləri tətbiq olunan dövlət üçün mümkünsüzdür. İqtisadi və insan inkişafı baxımından birtərəfli məcburetmə tədbirləri Dövlətin Dayanıqlı İnkişaf Məqsədlərinin uğurlu icrası istiqamətində resursların mərkəzləşdirilməsi qabiliyyətini məhdudlaşdırır və xələl gətirir. Bunu nəzərə alaraq, Azərbaycan Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etmişdir. Biz bu seçkilərdə Qoşulmama Hərəkatından Beynəlxalq Sərgilər Bürosuna yeganə namizəd olan Azərbaycanın namizədliyinin Hərakata üzv dövlətlər tərəfindən dəstəklənməsinə ümid edirik.
Bu baxımdan, Azərbaycan münaqişələri sülh yolu ilə nizamlanmasının təşviq edilməsi məqsədilə dialoq platformasının əhəmiyyətini və bu xüsusda, münaqişə tərəfləri arasında konstruktiv dialoqu dəstəkləyir.
İnanırıq ki, problemin həll edilməsində əsas məsələ dövlətlərin xoş niyyəti və qarşılıqlı məqbul güzəştlərin tapılmasına hazır olmasıdır.
Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət ayırır. Müstəqil xarici siyasət yürütməklə və heç bir hərbi alyansa üzv olmamaqla, Azərbaycan beynəlxalq norma və prinsiplərin qorunmasında və milli və beynəlxalq səviyyədə demokratikləşmə, insan hüquqlarına və sosial ədalət prinsiplərinə hörmətin təkmilləşdirilməsi istiqamətində davamlı səylər göstərir.
Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinin güclü dəstəkləyicisi olaraq, Hərəkata üzv dövlətləri Azərbaycana Nazirlər Şurasının iclasında iştiraka dəvət etməkdən məmnunluq duyuram. Biz iclasın keçirilməsi tarixi kimi 2018-ci ilin aprel ayını təklif edirik və məsələ ilə bağlı müvafiq Nota üzv dövlətlər arasında yayılmışdır. Ümid edirəm ki, sizin yekdil dəstəyinizlə gələn il xarici işlər nazirləri səviyyəsində Bakıda yenidən görüşəcəyik.
Bununla əlaqədar olaraq, bir daha BMT Nizamnaməsinin prinsip, məqsəd və məramına, xüsusilə suveren dövlətlərin bərabərliyi, dövlətlərin daxili işlərinə müdaxilə etməmə və qarışmama prinsiplərinə sadiqliyimizi bir daha bəyan edirik. Birtərəfli məcburetmə tədbirlərindən istifadəyə və beynəlxalq hüququn pozulmasına yol verməyən bu prinsiplərə riayət edilməsi hər bir üzv dövlətin vəzifə və məsuliyyətidir.