Elin Süleymanov: "Ermənistan və Azərbaycan üçün ən təcili prioritet davamlı sülh sazişi olmalıdır"

Elin Süleymanov: "Ermənistan və Azərbaycan üçün ən təcili prioritet davamlı sülh sazişi olmalıdır" “Son həftələrdə çox siyasiləşmiş müzakirələr Laçın yolu məsələsini BMT Təhlükəsizlik Şurasına qədər apardı. Marşrut Ermənistanı 30 ildən artıqdır qanunsuz işğal altında saxladığı Azərbaycanın Qarabağ bölgəsi ilə birləşdirir. Davam edən proseslər sadə və
Xarici siyasət
30 Avqust , 2023 15:19
Elin Süleymanov: Ermənistan və Azərbaycan üçün ən təcili prioritet davamlı sülh sazişi olmalıdır
Elin Süleymanov

“Son həftələrdə çox siyasiləşmiş müzakirələr Laçın yolu məsələsini BMT Təhlükəsizlik Şurasına qədər apardı. Davam edən proseslər sadə və əsas reallığı kölgədə qoymamalıdır: Ermənistan və Azərbaycan üçün ən təcili prioritet beynəlxalq hüquqa əsaslanan davamlı sülh sazişi olmalıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın “Comment Central” nəşrində dərc olunmuş “Azərbaycan və Ermənistana sülh lazımdır, teatr yox” sərlövhəli məqaləsində yazıb.

Diplomat bildirib ki, Azərbaycanın Laçın yolundakı sərhəd-keçid məntəqəsi yaratmaq qərarını tənqid edənlər beynəlxalq hüquqa zidd davranır:

“Sovet İttifaqı dağılan kimi Ermənistan etnik cəhətdən qarışıq olan bölgəni, eləcə də ona bitişik bir neçə ərazini - ümumilikdə Azərbaycanın demək olar ki, beşdə birini işğal etdi. Bu proses nəticəsində orada yaşayan yüz minlərlə azərbaycanlı qovuldu. Məqsəd işğal olunmuş torpaqları Ermənistana birləşdirmək idi. Hərçənd BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi onların ərazidən dərhal çıxarılmasını tələb edirdi”.

E.Süleymanov bildirib ki, otuz ildən sonra, Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa edib:

“44 günlük müharibədən sonra Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2020-ci ilin noyabrında imzaladığı birgə razılaşmaya əsasən, Rusiyanın məhdud sayda sülhməramlı kontingenti müvəqqəti olaraq Qarabağda yerləşdirilib. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın suveren hissəsi kimi tanıdığını açıq şəkildə bəyan edib. Sülh müqaviləsi sərhədlərin qarşılıqlı tanınması və delimitasiyası ilə bağlı olacaq. Güclü sərhəd nəzarəti rejiminin yaradılması prosesin əvəzsiz hissəsidir”.

Səfirin sözlərinə görə, digər qonşu ölkələr kimi Ermənistanla da konkret sərhədlər olmalıdır:

“Bu o demək deyil ki, sülh asan olacaq. 30 il ayrı yaşadıqdan sonra regionun Azərbaycana yenidən inteqrasiyası səbr tələb edəcək. Azərbaycanlı qaçqınların vətənə qayıtması, mina probleminin həlli xeyli vaxt alacaq. Amma hər iki dövlət dinc, firavan Cənubi Qafqazın qurulmasına diqqət yetirsə gələcək əməkdaşlıq mühiti formalaşa bilər”.

Son xəbərlər

Orphus sistemi