Yuxarı

Baş nazirin müavini: "Bu gedişlə gələcəkdə Ermənistanda bir erməni belə qalmayacaq" - FOTO

Ermənistan dörd istiqamətdən idarə olunur

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının üzvü Lintner Eduardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Baş nazirin müavini qonaqlara Azərbaycanın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.

Münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə 1 milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, havadarlarının köməyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan milli-mədəni sərvətlərimizi talan edib, bütün infrastruktur dağıdılıb. Ermənistan BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymur. ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində danışıqları heç bir nəticə verməyib. Minsk qrupunun həmsədrləri 22 ildir ki, Azərbaycana turist kimi gəlib-gedirlər. Münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunda təmsil olunan aparıcı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar. Çünki bu vəziyyət bütövlükdə region üçün çox təhlükəlidir.

Bu gün dünyada münaqişələrin heç birinin həll edilməməsinə diqqəti cəlb edən Baş nazirin müavini deyib: “Son 20-30 ildə dünyada hansı problem həll olunub? İraqda, Əfqanıstanda, Liviyada, Misirdə guya özlərinin dedikləri kimi diktatura rejimini dəyişdilər. Məgər bu ölkələrdə vəziyyət xalqın xeyrinəmi dəyişdi? Hər gün yüzlərlə insan ölür. Onların haqqı, hüququ yoxdurmu? Avropa, Amerika isə bizə demokratiya, insan hüquqlarının qorunması dərsi keçmək istəyir. Azərbaycanın 1 milyon 200 min insanı 22 ildir ki, qaçqın, köçkün vəziyyətindədir. Onların günahı nədir, biz kimə neyləmişik?”

Bu gün Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. MDB məkanında ikinci belə bir ölkə varmı?”.

Ölkəmizdə gedən inkişaf proseslərindən danışan Əli Həsənov deyib ki, Azərbaycanda 1 milyon 300 min yeni iş yeri yaradılıb. İnsanların normal yaşaması üçün hər cür şərait var. Məqsəd 2020-ci ilə qədər neftdən asılılıqdan qurtulmaq, yoxsulluğu tam aradan qaldırmaqdır. Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Artıq bizi neft-qaz ölkəsi kimi yox, qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm təbdirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər.

Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Bəs Ermənistan prezidenti bu illərdə öz xalqına nə verib? Xalq ac-yalavacdır. Ötən il 140 min, bu ilin 9 ayında isə 80 min vətəndaş ölkəni tərk edib. Bu gedişlə gələcəkdə orada bir erməni belə qalmayacaq. Ona görə, xalq öz problemini həll etməlidir. Buna isə Amerikadakı, Fransadakı erməni diasporu, Eçmiədzin kilsəsi, cinayətkar Köçəryan-Sarkisyan rejimi imkan vermir. Bu ölkə dörd istiqamətdən idarə olunur. Biz buna təəssüf edirik, ancaq reallıqdır. Bu gün 10 milyon əhalisi olan Azərbaycan 1 milyon 200 min qaçqını yerləşdirib, onların problemlərini həll edir, böyük Avropa isə cəmi 400 min qaçqının əlində aciz qalıb.

Lintner Eduard Azərbaycan həqiqətləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumata görə Baş nazirin müavini Əli Həsənova təşəkkür edib. O, problemin tezliklə həll edilməsinin önəmini vurğulayıb.

Görüşdə Almaniya nümayəndə heyətini maraqlandıran suallara ətraflı cavab verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi