Ekspert: “FETÖ dünyada terror təşkilatı kimi tanınmalıdır”
- 29 iyul, 2023
- 13:26
Yeniliklərdən dərhal xəbərdar olun!
“FETÖ dünyada terror təşkilatı kimi tanınmalıdır”.
Bunu “Report”a açıqlamasında Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin sədri Ceyhun Musaoğlu deyib.
Onun sözlərinə görə, FETÖ-çular Azərbaycana da təsir etməyə çalışır: “Çünki biz Türkiyə ilə eyni yoldayıq. Amma onların səyləri nəticəsiz qalır. Xalqımız buna imkan vermir. Biz isə onlara qarşı mübarizə aparmalı, bu məsələdə həmrəylik göstərməliyik. Azərbaycanla Türkiyə 2 qardaş ölkədir. Ona görə də Türkiyədə baş verən istənilən hadisə bizə birbaşa təsir edir. 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd də bizi dərindən narahat etmişdi”.
C.Musaoğlu bildirib ki, Azərbaycan dövlət çevrilişi cəhdini ürəkağrısı ilə izləyirdi: “Əlbəttə, bu cəhd nəticə vermədi. Düzdür, ciddi hadisələr baş verdi. Hərbçilər mühüm starateji obyektləri ələ keçirdilər. 265 nəfər şəhid oldu. Amma xalq təslim olmadı. Məhz xalqın birliyi və hakimiyyətin çevik reaksiyası sayəsində çirkin planlar puç oldu”.
Mərkəz sədri vurğulayıb ki, çevriliş arzusunda olan “hakimiyyət sevdalıları” hələ də üzə çıxırlar: “Müşahidələr göstərir ki, onların xeyli hissəsi FETÖ terror təşkilatı ilə əlaqəlidir. Əlbəttə, FETÖ-ya qarşı mübarizə uğurla davam edir. Bu terrorçular öncə birbaşa insanların düşüncələrinə təsir etməyə çalışırlar, bunu da xüsusən "təhsil" adı altında gerçəkləşdirərək, əsasən də gənclərin beyinlərini yumağa çalışırlar. Nail olduqda isə onları dövlətinə xalqına qarşı terrora sürükləyirlər. Əlbəttə, bu məsələdə Qərbin də əli var. Çünki bir çox Qərb dövlətləri Türkiyənin güclənməsini, inkişafını qəbul edə bilmirlər. Təsadüfi deyil ki, qardaş ölkənin Avropa İttifaqına gedən yolu hələ də bağlı saxlanılır”.
Ekspertin fikrincə, bir çox güclər Türkiyədə nəinki hakimiyyəti, həm də idarəçilik sistemini dəyişmək istəyirlər: “Azərbaycana qarşı ikili standartların kökündə dayanan əsas məqamlardan biri də bizim ölkənin də Türkiyə kimi qüdrətlənməsi, güclü faktora çevrilməsidir. Azərbaycan dünyanın həll etmək istəmədiyi, əksər hallarda həllinə nail olduğu Qarabağın və ətraf rayonlarımızın işğalda qalması faktını 30 ildən sonra təkbaşına aradan qaldırdı, ərazilərini azad etdi. Bu prosesdə Türkiyənin qardaş ölkəsi Azərbaycana böyük mənəvi dəstəyi oldu. Təbbi ki, dünya türkiyənin və Azərbaycanın güclənməsini istəmir və manelər yaradır. Ancaq fakt odur ki, bu gün rəsmi Ankaranın imzası olmadan dünyada heç bir layihə həyata keçmir”.
Qeyd edək ki, Türkiyədə FETÖ-yə qarşı əməliyyat tədbirləri davam edir. Son günlərdə bu terror təşkilatı ilə əlaqəsi olan onlarla şübhəli saxlanılıb.