“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə “Azərbaycanın Qırğız Dostları Klubu” üzvləri adından təbriklərimi bildirirəm. 1918-ci ildə Azərbaycan xalqı və onların ən yaxşı nümayəndələri müsəlman Şərqində ilk demokratik dövlətin yaradılmasını elan ediblər, 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının qurulması bu dövlətçilik ənənəsinin bərpası və inkişafında yeni bir tarixi mərhələ olub”.
Bu barədə “Report”a “Azərbaycanın Qırğız Dostları Klubu”nun prezidenti, hüquq elmləri doktoru, professor Kayrat Osmonaliyev bildirib.
O, bugünkü Azərbaycanın dinamik şəkildə inkişaf edən və beynəlxalq nüfuzu daim artan müasir bir dövlət olduğunu qeyd edib.
“Ölkənin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağın işğaldan azad edilməsi işində Azərbaycan ordusunun ötən il əldə etdiyi uğurlar sübut etdi ki, qardaş ölkə müstəqilliyini qorumaq üçün lazım olan güclü orduya, sağlam iqtisadiyyata, nüfuzlu və müdrik liderə və ən əsası bütün xalqın birliyinə malikdir ”, – o deyib.
Ekspert qırğızlar və azərbaycanlıların ortaq kökləri, tarixi, dili və mədəniyyəti olan iki qardaş türk xalqı olduğunu da əlavə edib.
“Ölkələrimizin rifahı və firavanlığı, onların təhlükəsiz və davamlı inkişafı, həm ikitərəfli səviyyədə, həm də Türk dünyasında inteqrasiya prosesləri kontekstində dostluq, həmrəylik və əməkdaşlığı gücləndirmək kimi ortaq hədəflərimiz var”, – K.Osmonaliyev vurğulayıb.