“Pakistan və Azərbaycan strateji tərəfdaşlardır və qarşılıqlı faydalı əməkdaşlıq üçün qabaqcıl texnologiyaların birgə işlənib hazırlanmasında bir-birinə etibar edə bilərlər”.
Bunu "Report"a açıqlamasında pakistanlı sahibkar və tədqiqatçı, “IMAQ Research Group”un direktoru Məhəmməd İrfan-Maqsud Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Pakistana səfərini şərh edərkən deyib.
"Pakistan telekommunikasiya, fizika, kimya və müdafiə sənayesi sahələrində dünya liderlərindən biridir və Azərbaycan bütün bu üstünlüklərdən yararlana bilər. Bu iki ölkə etibarlı tərəfdaşlardır. Son bir neçə onillik ərzində Pakistan və Türkiyə bir neçə birgə texnoloji layihəyə uğurlu start verib, Azərbaycan da onlara qoşula bilər. Bununla da üç qardaş ölkənin hərbi tərəfdaşlığı genişlənəcək və bütövlükdə texnologiyanın inkişafını əhatə edəcək ki, bütün tərəflər bundan yararlana biləcək", - o deyib.
Məhəmməd İrfan-Maqsudun fikrincə, Azərbaycan Cənubi Qafqaz regionunda texnoloji cəhətdən ən inkişaf etmiş ölkəyə çevrilə və həlledici rol oynaya bilər. “Bu, Pakistan və Türkiyə ilə birlikdə texnoloji layihələrin həyata keçirilməsi ilə mümkün olacaq”, - ekspert bildirib.