Yuxarı

​Elmar Məmmədyarov: "Azərbaycan Əfqanıstana dəstək missiyasında öz rolunu oynayacaq"

Azərbaycanın xarici işlər naziri NATO-nun Əfqanıstan üzrə nazirlər səviyyəsində keçirilən toplantısında çıxış edib

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Əfqanıstan üzrə nazirlər səviyyəsində keçirilən toplantısında çıxış edib.

"Report" xəbər verir ki, nazir ilk növbədə NATO-nun baş katibi Yens Stoltenberqi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

"Təqdirəlayiq haldır ki, bu statusda sədrlik etdiyiniz nazirlər səviyyəsində olan görüşdə NATO-nun tərəfdaş ölkələri də iştirak edirlər. Cənab Rasmussen etibarlı tərəfdaşlar, o cümlədən mənim ölkəm ilə fəal iş aparırdı və sizinlə də əməkdaşlığımızın məhsuldar olacağına əminəm. Mən eləcə də sizin NATO-nun Əfqanıstanda növbəti ali mülki nümayəndəsi kimi Səfir Aramaz barəsində seçiminizi təqdir edirəm. Bu düzgün seçimdir", - deyə E.Məmmədyarov söyləyib.

O bildirib ki, ötən gün Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani və Dr. Abdulla Bakıda idilər və Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan hökumətinin üzvləri ilə Əfqanıstanın gələcəyinə dair intensiv və açıq fikir mübadiləsi aparıblar.

"Əfqanıstan hökumətinin nəhəng islahatlar gündəliyi var. Bu yalnız təhlükəsizlik deyildir. Əlbəttə ki, təhlükəsizlik davamlılığın ilk sütunudur. Sənaye və infrastruktura böyük sərmayələr cəlb edilməlidir. Mənim ölkəm 20 il bundan əvvəl müharibə ilə üzləşib, amma biz bütün bu təhdidləri aşmağı bacardıq və böyük irəliləyişə nail olduq. Ona görə də Azərbaycan Əfqanıstanın mövcud ehtiyaclarını görür və Əfqanıstan üçün model ola bilər", deyə nazir çıxışında qeyd edib.

E.Məmmədyarov əlavə edib ki, Azərbaycan Əfqanıstana bir çox sahələrdə, eləcə də insan kapitalının inkişafı üçün təhsil və təlim sahəsində yardım edir.

"Dəmir yol əlaqəsi Əfqanıstan üçün çox vacibdir. Hal-hazırda ölkədə bir dəmir yol əlaqəsi vardır. Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Əfqanıstanı Avropa ilə birləşdirən dəmir yol layihəsi ölkənin davamlı inkişaf üçün vacib elementlərdən biridir", - deyə XİN rəhbəri vurğulayıb.

Nazir qeyd edib ki, qətiyyətli dəstək missiyasının başlanması Əfqanıstanın gələcəyi üçün vacibdir və qoşunlar, təlim, maliyyə yardımı və tranzit formasında əsaslı töhfələr verməklə Azərbaycan bu missiyada öz rolunu oynayacaq.

"Bizim regionda olan proseslər onu göstərir ki, daha çox uğurlara imza atmaq üçün beynəlxalq birliyin Əfqanıstana dəstəyi qarşıdan gələn illərdə davam etməlidir", deyə nazir nitqini yekunlaşdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi