Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan böyük britaniyalı siyasətçi və hüquqşünas, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Heydər Kərimlə görüşüb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə qonağa məlumat verilib. Bildirilib ki, bu kateqoriyadan olan insanların problemlərinin həlli ölkə başçısının sosial siyasətinin prioritetlərindəndir. Birinci vitse-prezident Mehriban Əliyeva doğma yurdundan didərgin düşmüş insanlara böyük qayğı və diqqət göstərir. Qeyd olunub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti işğaldan azad edilmiş ərazilərə - öz daimi yaşayış yerlərinə qayıtmaq istəyir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və layiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.
Böyük britaniyalı siyasətçi səmimi qəbula görə təşəkkürünü bildirib, ölkəmizə “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı” layihəsi çərçivəsində regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi, sülhün bərqərar olması və digər prioritet məsələlər üzrə əməkdaşlıq və iş birliyi üçün müzakirələr aparmaq niyyəti ilə gəldiyini deyib. İşğaldan azad olunmuş ərazilərə gedəcəyini vurğulayan Səccad Heydər Kərim Azərbaycanın mövcud həqiqətləri ilə yaxından tanış olmaq, mövcud reallıqlar şəraitində bölgənin inkişafına töhfə vermək istədiyini diqqətə çatdırıb.
Avropalı qonağın Dövlət Komitəsinin fəaliyyəti, məcburi köçkünlərlə bağlı mövcud vəziyyət, onların reinteqrasiyası barədə sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.