Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan bir qrup əcnəbi jurnalistlə - Meksikanın nüfuzlu “El Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın "Impacto Mundo" telekanalının aparıcısı, "Las2Orillas", "El Expediente" ve "Ola Politica" agentliklərinin müxbiri Roberto Trobaxo, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançes, bu ölkənin "La Razon" qəzetinin və "Prensa21" xəbər portalının direktoru Karlos Linares Uarinqa ilə görüşüb.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, qonaqlara qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri, Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Ermənistanın deportasiya, milli ayrı-seçkilik və işğalçılıq siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşən insanlar böyük çətinliklərlə üzləşib, maddi itkilərə məruz qalıb, mənəvi-psixoloji sarsıntılar keçiriblər. Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin problemlərini həll etmək üçün daim məqsədyönlü iş aparıb.
Bu məsələ Prezident İlham Əliyevin sosial siyasətinin mühüm prioritetlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir, onların həyat şəratinin yaxşılaşdırılması üçün həyata keçirilən bir sıra layihələrin təşəbbüsçüsüdür.
Vurğulanıb ki, torpaqların işğaldan azad edilməsi və orada yaşayışın bərpası məcburi köçkünlərin ən böyük arzusu olub.
Hazırda onların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi üçün dövlət rəhbərliyi və səlahiyyətli orqanlar tərəfindən çoxşaxəli və intensiv iş aparlır.
Latın Amerikası ölkələrindən gəlmiş jurnalistlər səmimi söhbətə görə təşəkkür bildirib, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq tədbirləri və məcburi köçkünlərin qayıdışa hazırlanması məsələləri ilə maraqlanıblar.
Onların suallarına ətraflı cavablar verilib. Əməkdaşlıq etdiyi media qurumlarında ölkəmiz, xüsusən işğaldan azad olunmuş ərazilərdəki dirçəliş prosesi barədə yazılarla çıxış edən kolumbiyalı jurnalist Roberto Trobaxo bir müddət bundan əvvəl də Azərbaycana gəldiyini, Gəncəyə və Şuşaya getdiyini, işğalın və dinc əhaliyə qarşı hərbi cinayətlərin ağır nəticələrini şəxsən gördüyünü xatırladaraq, bütün bunlar barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışdığını deyib.
Görüşdə iştirak edən jurnalistlər ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı səfirliyindəakkreditə olunublar və öz ölkələrində Azərbaycanla bağlı mövzuların işıqlandırılmasındafəallıq göstərirlər. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi məlumat verib.
Görüşdən sonra nümayəndə heyəti məcburi köçkünlərin müvəqqəti məskunlaşdığıAbşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksindəki vəziyyətlə tanış olub.