Yuxarı

​Çin sədrinin xüsusi nümayəndəsi Dövlət Bayrağı Meydanı və Xalça Muzeyi ilə tanış olub - YENİLƏNİB

Menq Jianzu muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb

Bakı. 22 may. REPORT.AZ/ Mayın 22-də Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzun rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Bayrağı Meydanı ilə tanış olub.

"Report" xəbər verir ki, qonaqlara Bayraq Meydanı və onun ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Dövlət Bayrağı Muzeyi ilə də tanış olan nümayəndə heyəti burada nümayiş etdirilən eksponatlara baxıb. Menq Jianzu muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

***15:28

Menq Jianzun rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Azərbaycan Xalça Muzeyində olub.

Burada qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi