Çin hökumətinin xüsusi nümayəndəsi: “Qlobal Bakı Forumu çox vacib bir platformadır"
- 10 mart, 2023
- 13:13
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qlobal Bakı Forumu çox vacib bir platformadır. Biz burada fikirlərimizi azad şəkildə bildirə bilərik”.
“Report”un xəbərinə görə, bunu Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Baş katibinin keçmiş əvəzi, Çinin Almaniyada keçmiş səfiri Vu Honqbo X Qlobal Bakı Forumu çərçivəsində “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son üç il ərzində bütün dünyada böyük dəyişikliklər baş verib: “İqtisadi inkişaf zəifləyib. Dünyamız artan qeyri-müəyyənliklərlə qarşılaşıb. Təhlükəsizlik təmin edilmədən heç bir inkişafdan danışmaq olmaz. Biz 800 milyon insanı yoxsulluq vəziyyətindən çıxara bilmişik”.
V.Honqbo bildirib ki, Çin hazırda konkret addımlar atmaqdadır: “Çinin müasirləşdirilməsi geniş maraq kəsb edir. Biz sülhün olmasını istəyirik. Çinin inkişafı sülh içindədir. Biz dünyada kiminsə kənarda qalmasını istəmirik. Ukraynada nələrin baş verdiyinə baxın. Təcili şəkildə qlobal təhlükəsizlik mühiti yaradılmalıdır. Çin sülhün tərəfdarıdır”.
Diplomat həmçinin vurğulayıb ki, Tayvan Çinin bir hissəsidir: “Tayvanla bağlı məsələ Çinin daxili işidir. Çin öz təhlükəsizliyini və suverenliyini qoruyacaq”.