Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, “3+3” regional platformasının Tehranda keçirilmiş nazirlər iclasının nəticələri, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının cari ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində real şansların olduğu, bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub, tərəflər oktyabrın 23-də Tehranda xarici işlər nazirləri səviyyəsində “3+3” formatında görüşün nəticələrini yüksək qiymətləndiriblər.
"Report"un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bununla yanaşı, nazirlər Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin cari məsələlərini müzakirə ediblər.