Sentyabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Bu barədə "Report"a XİN-dən məlumat verilib.
Tərəflər Azərbaycanla Rusiya arasında ikitərəfli gündəlikdə duran məsələlər, regionda cari vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif cəhətləri və bu çərçivədə atılan addımlar, etimad quruculuğu tədbirləri sahəsində görülən işlər, habelə gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.
Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının, habelə normallaşma prosesi çərçivəsində əldə edilmiş razılıqların tam icrasının vacibliyi vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.