Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasının açılış sessiyasında çıxış edib.
"Report" xəbər verir ki, nazir deyib:
"Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasında hamınızı salamlayıram. Hərəkatın yaranmasının 60 illiyini qeyd etdiyimiz bu tarixi dövrdə belə bir şəbəkənin yaradılması təşəbbüsünü irəli sürmək Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan üçün böyük fəxrdir.
Bildiyiniz kimi, hələ Hərəkatın 2019-cu ildə Bakıda keçirilmiş Zirvə Görüşündə Qoşulmama Hərəkatına üzv dövlətlərin dövlət və hökumət başçıları QH ölkələrindən olan gənclərin davamlı tərəqqisinə nail olmaq istiqamətində qarşılaşdıqları çətinliklər və bu çətinliklərin öhdəsindən gələ bilmək üçün vətəndaşı olduqları ölkələrin göstərməli olduqları birgə və adekvat səylər barədə fikir mübadiləsi aparmağa imkan yaratmaq məqsədilə Hərəkatın Gənclər Şəbəkəsinin yaradılmasına dəstək ifadə etmişlər.
Bu anlaşmadan hərəkət edərək, QH-nin Azərbaycan sədrliyi, tədricən qlobal miqyasda ən təsirli gənclər təşkilatlarından birinə çevrilməsi gözlənilən QH Gənclər Şəbəkəsinin konsepsiyasını hazırlamışdır.
Dünya bu gün tarixin ən böyük gənc nəslinə sahibdir – 1.8 milyard. Bunların 90%-ə yaxını mütləq əksəriyyətini QH üzv dövlətlərinin təşkil etdiyi inkişaf etməkdə olan ölkələrdə yaşamaqdadır.
Bir-birləri ilə heç vaxt olmadığı qədər əlaqəli olan gənc insanlar, yenilikçi həll yolları təklif etməklə və sosial inkişafın aparıcı qüvvəsinə çevrilməklə cəmiyyətlərinin inkişafına töhfə verirlər. Eyni zamanda onlar, keyfiyyətli təhsil, səhiyyə, layiqli iş, məcburi yerdəyişmə, ayrıseçkilik və kənarda qalmanın müxtəlif formaları kimi çoxşaxəli çağırışlarla qarşılaşırlar ki, bu da onlara imkanlarından tam şəkildə istifadə etməyə imkan vermir. Gənc insanların bu çağırışların öhdəsindən necə gəlməsi və öz yollarını müəyyən etməsi bəşəriyyətin inkişafı baxımından vacibdir. Gəncliyin inkişafı və iştirakı Dayanıqlı İnkişaf 2030 gündəliyinin də əsas elementlərindən biridir.
Azərbaycan inanır ki, QH Gənclər Şəbəkəsinin əsaslı təşkilatlanma və aydın, nəticə yönümlü baxışla formalaşması QH gənclərinin öz inkişaflarına dair çağırışlara daha təsirli cavab verməsi və QH gəncliyinin birgə ismarıclarının beynəlxalq ictimaiyyətə daha sistemli şəkildə çatdırılmasına imkan yaradacaqdır.
QH üzv dövlətləri, Gənclər Şəbəkəsinin müvafiq BMT agentlikləri və gənclərə dair qurumları ilə yaxın əməkdaşlıq və tərəfdaşlıq şəraitində müxtəlif beynəlxalq forumlarda QH gəncliyinin maraqlarını təmsil etməsini və sülh və təhlükəsizliyə qarşı artan çağırışlar fonunda QH-nin mühüm missiyasına dair gənclər arasında məlumatlılığı artırmasını gözləməkdədir.
Gördüyünüz kimi, sizin missiyanız QH üzv dövlətlərinin rəsmi nümayəndələri olaraq bizimkindən daha az əhəmiyyətli və az çətin deyil. Bununla bərabər, biz sizə inanırıq və əminik ki, bilikdə hərəkət etməklə siz qarşınızda duran çətinliklərin öhdəsindən gələcək və Şəbəkənin mümkün olduğu qədər axıcı və təsirli fəaliyyətini təmin edəcəksiniz.
Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin prioritetlərindən biri də müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verməklə çoxtərəflilik dəyərlərini təşviq etməkdir. QH sədrliyi kimi bu mühüm və məsuliyyətli vəzifəni qəbul edərkən, Azərbaycan çoxtərəfliliyin və Bandunq prinsiplərinin təşviqinə dair qətiyyətli sadiqliyini bəyan etmişdir. O vaxtdan, biz təsis prinsiplərinin ruhunu və onlara bağlılığın əhəmiyyətini təşviq etmək üçün səylərimizi əsirgəməmişik.
COVID-19 pandemiyasının yayılması ilə baş verən görünməmiş və gözlənilməz miqyasda çağırışlar effektiv çoxtərəflilik üçün başlıca sınaq rolu oynadı. Məmnuniyyətlə qeyd etmək istərdim ki, pandemiyaya qarşı vaxtında, birgə və effektiv addımlarla bizim Hərəkatımız bir daha çoxtərəflilik aləmində davam edən rolunu və etibarlılığını nümayiş etdirmişdir.
Bu mürəkkəb zamanlarda bizim təşkilatlanmaq və praktik həll yolları təklif etmək qabiliyyətimiz beynəlxalq səviyyədə təqdirlə qarşılanmışdır. Dünya liderləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri böhran qarşısında Hərəkatın nümunəvi və diqqətəlayiq həmrəyliyini təqdir etmişlər. Bizim həmrəyliyimiz nümayiş etdirdi ki, qlobal əhəmiyyətli bir sıra məsələlərə dair QH üzv dövlətləri arasında fərli mövqelər olsa da, biz ümumi düşmən qarşısında təşkilatlana bildik. Buna görə də düşünürük ki, birliyimizi daha da möhkəmləndirmək üçün başqa potensial sahələri də araşdırmalıyıq. Bu baxımdan QH Gənclər Şəbəkəsi bizim Hərəkatımız üçün qiymətli bir əlavə dəyər olacaqdır.
Təsis iclasının gündəliyinə QH Gənclər Şəbəkəsinin əsasını möhkəm və düzgün qoymaq üçün vacib olan bir çox mühüm məsələ daxildir. İnanıram ki, yenilikçi fikir və düşüncələriniz sayəsində Şəbəkənin təsis edilməsi və bizim gözləntilərimizi doğrultmaqla bağlı effektiv nəticələr əldə edəcəksiniz.
Bildiyiniz kimi, bu il QH-nin 60 illiyini qeyd edirik. 2021-ci ilin oktyabr ayının 11-12-də, Belqradda, Serbiya və Azərbaycan Hərəkatın 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Yubiley Tədbiri təşkil edəcəkdir. QH təsisçi üzv dövlətlərinin liderləri, o cümlədən bütün QH üzv dövlətlərinin xarici işlər nazirləri tədbirə dəvət olunub. Təsdiq edilmiş iştirakçıların səviyyəsi kifayət qədər yüksəkdir və QH üzv dövlətlərinin Hərəkatın tarixi dəyər və prinsiplərinə sadiqliyinin göstəricisidir.
Bu tədbir, üzv dövlətlər üçün ötən 60 il ərzində həyata keçirilmiş birgə fəaliyyətin dəyərləndirilməsi və bizlərin, üzv dövlətlərin ortaq baxış və birləşmiş güclə çoxşaxəli və davam edən çağırışlara necə reaksiya verməli olduğumuzun əks etdirilməsi imkanı olacaqdır.
Fürsətdən istifadə edərək, mən Təsis İclasına Yubiley Tədbiri üçün QH Gənclər Şəbəkəsinin tövsiyələrini işləyib hazırlamağı təklif edirəm. İnanıram ki, bu tövsiyələr olduqca faydalı və QH üzv dövlətlərinin gələcək siyasətlərinin müəyyən edilməsi ilə bağlı düşüncələr üçün qiymətli material olacaqdır. Qarşıdan gələn 2 gündə sizə səmərəli görüş və uğurlu müzakirələr arzulayıram.
COVID-19 pandemiyası ilə əlaqədar fiziki iştirakla görüşlərin təşkili ilə bağlı məhdudiyyətləri nəzərə alaraq, bu iclası virtual keçirməli olduq. Buna baxmayaraq, şərtlər imkan verən kimi hamınız Azərbaycanda görməkdən məmnun olacağıq".