Ceyhun Bayramov portuqaliyalı həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb - YENİLƏNİB
Ceyhun Bayramov portuqaliyalı həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb - YENİLƏNİBAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Portuqaliyanın xarici ilər naziri Paulo Rangel (Paulo Rangel) ilə görüşüb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Paulo Rangellə görüşüb.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı, Azərbaycan və Portuqaliya arasında siyasi, iqtisadi, energetika, mədəni, humanitar və s. sahələr üzrə ikitərəfli eləcə də beynəlxalq təşkilatlarda çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə cari regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.
Azərbaycanın enerji təhlükəsizliyi üzrə bir sıra Avropa ölkələri ilə uğurla əməkdaşlıq etdiyi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının bunun təcəssümü olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə, ölkəmizin alternativ enerji mənbələrinin inkişaf etdirilməsi üzrə bir sıra Avropa ölkələri, o cümlədən Portuqaliya ilə praktiki əməkdaşlığa hazır olduğu bildirilib.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına sədrliyininin iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli töhvə verəcəyinə əminlik ifadə olunub, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş perspektivlər yaratdığı vurğulanıb.
Ölkəmizin yerləşdiyi strateji-coğrafi mövqeyin əhəmiyyəti, o cümlədən Orta Dəhlizin inkişafı istiqamətində tərəfimizdən həyata keçirilən layihə və təşəbbüslərin yaratdığı imkanlar qeyd olunub.
C.Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə istiqamətində görülən işlər, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.
Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların sülh prosesində əsas maneə olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
20:07
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Portuqaliyanın xarici ilər naziri Paulo Rangel ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.
Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin məsələləri, həmçinin iqtisadiyyat, investisiyalar, enerji təhlükəsizliyi, bərpa olunan enerji, nəqliyyat və rabitə sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Portuqaliyanın xarici işlər nazirinə Azərbaycanın regionda münaqişədən sonrakı reallıqlar, yenidənqurma və sülh təşəbbüsləri barədə məlumat verilib.
Minister of Foreign Affairs @Bayramov_Jeyhun of the Republic of Azerbaijan had a meeting with the Minister of Foreign Affairs @PauloRangel_pt of the Republic of Portugal on the sidelines of the high-level week of the #UNGA79.