"Əfqanıstanda avqust ayından geniş vüsət alan humanitar böhran yüz minlərlə əhalinin həyatına təhlükə yaradır".
Bunu xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə keçirdiyi mətbuat konfransında “Report”un sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İslamabaddakı 17-ci görüşündə Əfqanıstandakı humanitar böhranın qarşısını almaq üçün bir sıra mühüm qərarlar verilib: "Belə ki, İslam İnkişaf Bankının himayəsində Humanitar Etimad Fondu təsis edilir, Əfqanıstanın ərzaq təhlükəsizliyi proqramını təsis edərək bununla bağlı biri Pakistanda fəaliyyət göstərəcək iki logistika mərkəzi yaradılır. Bununla yanaşı, Əfqanıstanda sabitliyin bərqərar olması istiqamətində İƏT-in səylərini əlaqələndirmək üçün təşkilatın Əfqanıstanda xüsusi nümayəndəsi vəzifəsi təsis edilir, həmin təşkilatın ölkədəki missiyası iqtisadi və insan ehtiyatları baxımdan gücləndirilir".
Nazir xatırladıb ki, Azərbaycan daim Əfqanıstana dəstək və yardım göstərib: “Azərbaycan bu ölkəyə yardım edən ilk qeyri-NATO ölkəsi, habelə son təxliyə zamanı sülhməramlılar heyətini oradan çıxaran son ölkə olub”.
Bosniya və Herseqovina xarici işlər naziri Bisera Turkoviç də Əfqanıstandakı humanitar vəziyyətdən narahat olduqlarını, həmin ölkədə gender bərabərliyi sahəsində vəziyyətin kəskin olduğunu bildirib.