“Ermənistan öhdəliklərinə zidd olaraq fəaliyyət göstərir və sülh quruculuğuna maneələr törədir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
C.Bayramov həmkarına Ermənistan 30 il ərzində ölkəmizə qarşı təcavüzü, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması, sülh quruculuğu ilə bağlı Azərbaycan tərəfindən görülən genişmiqyaslı işlər barədə ətraflı məlumatı qonağın diqqətinə çatdırıb.
Görüşdə Əlcəzairin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini birmənalı olaraq dəstəklədiyi və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif qətnamələrin qəbulu zamanı nümayiş etdirdiyi vurğulanıb.