Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxış edib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında yazılıb.
Qeyd olunub ki, nazir Azərbaycanın dünyada sülh, təhlükəsizlik, dialoq və əməkdaşlığın əsasını təşkil edən Helsinki Yekun Aktı da daxil olmaqla, ATƏT sənədlərində göstərilən əsas norma, prinsip və öhdəliklərini yerinə yetirdiyini bildirib.
XİN rəhbəri çıxışında beynəlxalq hüququn pozulması, eləcə də Avropada islamofobiya daxil olmaqla, etnik və dini dözümsüzlüyün mövcudluğu kimi faktlara diqqət çəkib.
C.Bayramovun toxunduğu növbəti məsələ isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı olub. Nazir deyib ki, bu addım qurumun effektiv fəaliyyətini təmin edəcək.
XİN başçısı iştirakçılara Azərbaycanla Ermənistan arasında mövcud birbaşa dialoqun uğurlu nəticələrindən, habelə Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı mövcud olan ərazi iddialarından da danışıb.
C.Bayramov sonda beynəlxalq ictimaiyyəti regionda vəziyyətin gərginləşməsinə yönələn təxribatçı addımlardan çəkinməyə çağırıb.