Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası işinə başlayır.
"Report"un məlumatına görə, sessiya zamanı AŞPA-nın prezidenti və vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri vəzifəsinə seçkilər olacaq. Parlament üzvləri Bolqarıstanda prezident və Makedoniyada parlament seçkilərinin monitorinqinin nəticələrinə dair hesabatları müzakirə edəcəklər.
Yanvarın 24-də AŞPA deputatları qarşısında Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han, Kipr prezidenti Nikos Anastasiadis, yanvarın 25-də isə Rumıniya Prezidenti Klaus Yohannis çıxış edəcək.
Həmçinin Avropada jurnalistlərə hücum və media azadlığı, Qəzzada humanitar böhran, Ukraynada demokratik təsisatların fəaliyyəti və s. kimi məsələlər müzakirə olunacaq.
AŞPA sessiyası işinə yanvarın 27-də yekun vuracaq.