Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"un altıncı plenar iclasının əsas məqsədi korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsidir.
"Report" xəbər verir ki, bunu plenar sessiyasının açılış mərasimində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Bricit Ştrobel-Şou bildirib.
BMT rəsmisi Azərbaycan tərəfinə belə müzakirələrin keçirilməsi üçün məkan təmin etdiyinə görə təşəkkürünü bildirib:
"Korrupsiya sərhəd tanımır və yurisdiksiyaları keçir, hüquqi boşluqlardan istifadə edir. Bu səbəbdən bu şəbəkənin (“GlobE Network”) gücü, bundan əlavə, ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq bizim əsas üstünlüyümüzdür", - o bildirib.
B.Şounun sözlərinə görə, sessiya iştirakçılarını növbəti bir neçə gündə zəngin və məqsədyönlü proqram gözləyir: "Hər bir element sizə öz ölkənizdə istifadə edə biləcəyiniz konkret alətlər, yeni ideyalar və praktiki strategiyalar təqdim etmək üçün hazırlanıb”.