Bakı. 12 iyul. REPORT.AZ/ BMT-nin inkişaf proqramı çərçivəsində Azərbaycanla 50-yə yaxın layihə həyata keçirilib.
"Report" xəbər verir ki, bunu "2016-2020-ci illər üçün BMT-Azərbaycan çərçivəsi sənədi"nin imzalanma mərasimində çıxış edən Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, bu çərçivə sazişi də əvvəlki kimi Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir edəcək.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M.İshakqzai deyib ki, bu saziş Azərbaycan üçün əhəmiyyətli bir tarixdə imzalanır: "Azərbaycan iqtisadiyyatın şaxələnməsi ilə bağlı islahatlar həyata keçirilir. Ölkə, həmçinin bununla əlaqədar "Yol xəritəsi"ni reallaşdırmağa çalışır. BMT rəsmisi olaraq demək istəyirəm ki, təmsil etdiyim qurum Azərbaycanın bu islahatlarını dəstəkləyir. Onu da deyim ki, BMT-nin Azərbaycanda təmsil olunan və olunmayan bütün qurumları saziş çərçivəsində bütün işlərin görülməsinə çalışacaq".
Sənədi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai imzalayıblar.