Bakıda səfərdə olan BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahid Qoşulmama Hərəkatı (QH) Gənclər Şəbəkəsinin iştirakçıları ilə görüşüb.
“Report” xəbər verir ki, ADA Universitetində keçirilmiş görüşdə ali təhsil müəssisəsinin rektoru Hafiz Paşayev və xarici işlər nazirinin müavini Elnur Məmmədov da iştirak edib.
Tədbiri açıq elan edən nazir müavini cəmiyyətin inkişafında gənclərin oynadığı rolun vacibliyini vurğulayıb. “Dünyanın bir çox ölkələrindən olan tələbələrin təhsil aldığı ADA Universitetində bir araya gəlməyimiz xüsusi əhəmiyyət kəsb edir”, - Elnur Məmmədov deyib.
Onun sözlərinə görə, COVID-19 pandemiyası dünyaya çox güclü təsir edib və indi postpandemiya məsələri üzərində düşünmək lazımdır. Həmin məsələlərdə gənclər mühüm rol oynayırlar.
“Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahidin gənclərə və onların inkişafına töhfə və diqqətini yüksək qiymətləndirir. Ötən il əsasını qoyduğumuz QH Gənclər Şəbəkəsi gənclərə bu təşkilatın inkişafına töhfə verməsinə şərait yaradır, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə diqqət ayırır. İyul ayında Bakıda QH Gənclər Şəbəkəsinin sammitinin keçirilməsi planlaşdırılır”, - nazir müavini bildirib.
BMT Baş Assambleyasının sədri Abdulla Şahid qeyd edib ki, müasir dövrün aktual problemlərinin həllində gənclərin üzərinə xüsusi məsuliyyət düşür:
“Gənclər dəyişiklik, daha yaxşı gələcək üçün lazımdır. İnanıram ki, gənclərin səsi hər zaman eşidiləcək. Mən gənc diplomatlar və fəallar üçün “Fellowship for hope” proqramını təsis etdim. Bu, bizim dünyamızda çox vacibdir. Gənclərlə əməkdaşlığa hər zaman açığıq, onların təkliflərini dinləməyə və onlara dəstək olmağa hazırıq”.
Görüş zamanı Abdulla Şahid Gənclər Şəbəkəsi iştirakçılarının BMT Baş Assambleyasının strukturu və fəaliyyəti haqqında suallarını cavablandırıb.