Yuxarı
    Bağlamaq

    Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi və icraçı direktoru Azərbaycanda səfərdədir

    Zakir Qaralov nümayəndə heyətini Baş Prokurorluqda qəbul edib

    Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Respublikası Baş Prokurorluğu və Hərbi Prokurorluğunun təşkilati üzvü və çoxsaylı prokurorluq əməkdaşlarının fərdi üzvü olduğu, dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir.

    Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həmin qurumla əməkdaşlıq çərçivəsində mayın 2-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun dəvəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Han Moraal və icraçı direktoru xanım Yanne Holst Hübner Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül-çiçək dəstələri düzən qonaqlar daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.

    Daha sonra nümayəndə heyəti Baş Prokurorluqda olub. Qonaqları salamlayan baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə uğurla həyata keçirilən məhkəmə hüquq islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş qanunverici və institusional tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib, Assosiasiya ilə səmərəli əməkdaşlığın verdiyi töhfələrin önəmini vurğulayıb.

    Dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər, penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilinin zəruriliyi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam barədə ətraflı məlumat verilib.

    Baş prokuror Ermənistan silahlı qüvvələri tərəfindən 25 ildən artıq müddət ərzində beynəlxalq hüququn normalarının pozularaq Azərbaycan ərazilərinin işğal altında saxlanılması, 1 milyondan artıq azərbaycanlının öz torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması barədə 4 qətnaməsinin bu günədək icra edilməməsini diqqətə çatdırıb.

    Baş prokuror qonaqlara həm inzibati, həm də vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsinə yönələn qabaqlayıcı tədbirlərin, o cümlədən “ASAN xidmət” mərkəzlərinin yaradılaraq bu şəbəkənin genişləndirilməsi barədə ətraflı məlumat verərək, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlərin əldə olunduğunu bildirib.

    Görüşdə həmçinin son illərdə Avropa ölkələrində geniş vüsət almış islamafobiya və ksenofobiya mühiti zəminində radikal dini ekstremist qruplaşmalar tərəfindən törədilmiş çoxsaylı terror aktlarının qarşısının alınması istiqamətində birgə səylərin aparılmasının vacibliyi vurğulanıb.

    Qonaqlar ölkəmizə səfərdən məmnunluqlarını ifadə edərək Azərbaycanın BPA ilə uğurlu əməkdaşlığını, uzun illər Assosiasiyanın işinə verdiyi yüksək töhfələri, onun fəaliyyətində göstərdiyi təşəbbüskarlığı və mühüm dəstəyini qeyd etməklə bərabər qurulmuş münasibətlərin daha da sıxlaşmaqda olduğunu vurğulayıblar. Nümayəndə heyəti Assosiasiyanın fəaliyyəti və gələcək inkişaf imkanları barədə məlumat verərək ölkəmiz tərəfindən qurumun əsas hədəflərindən olan cinayətkarlığın bir sıra növlərinə qarşı dünya prokurorlarını birləşdirən Assosiasiyanın elektron səhifəsinin rus versiyasının aparılması, habelə Assosiasiyanın Korrupsiyaya qarşı Mübarizə aparan Prokurorların Şəbəkəsinin (NACP) alt domeninin fəaliyyətinin tənzimlənməsini təşəbbüsünə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. Bununla yanaşı, 2002-ci ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası və Assosiasiyanın birgə təşkilatçılığı ilə keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclası qonaqlar tərəfindən təşkil edilən ən uğurlu tədbir kimi qiymətləndirib və Azərbaycanın 2018-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan İcraiyyə Komitəsinin 45-ci iclasında da bu sahədə öz müsbət təcrübələrini tətbiq edəcəyindən ümidvar olduqlarının ifadə ediblər.

    Görüşdə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

    Daha sonra qonaqlar Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevlə görüşüblər. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ilk dəfə Assosiasiyanın Dünya Prokurorları üzrə Elekton Cinayət Şəbəkəsi (GPEN) vasitəsi ilə müxtəlif ölkələrdən olan prokurorluq və digər hüquq-mühafizə orqanları nümayəndələrinin də iştirak etdiyi “Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi təcrübə” mövzusu ətrafında real vaxt rejimində növbəti seminarın keçirilməsi böyük uğur kimi qiymətləndirilib. Bundan başqa, əməkdaşlığın müxtəlif aspektləri ətrafında, eləcə də 2017-ci ilin oktyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuş Şəbəkənin kibercinayətkarlığa qarşı mübarizəyə dair Regional Konfransının təşkilati məsələləri ilə əlaqədar fikir mübadiləsi aparılıb.

    Nümayəndə heyəti daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında quruma fərdi üzv qəbul edilmiş gənc prokurorluq əməkdaşları ilə görüşüb və Assosiayanın fəaliyyətinə dair onları maraqlandıran suallara cavab veriblər. Sonda Assosiasiyaya qəbul edilmiş yeni üzvlərə qurumun üzvlük vəsiqələri təqdim edilib.

    Qonaqlar həmçinin milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar.

    Nümayəndə heyətinin səfəri davam edir. Səfər çərçivəsində qonaqlar ölkəmizin regionlarında hüquq mühafizə, o cümlədən məhkəmə və prokurorluq orqanları üçün yaradılmış şəraitlə tanış olacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi