Bakı. 23 dekabr. REPORT.AZ/ Demokratiyanın İnkişafı, Parlamentarizm və MDB PAA iştirakçı dövlətlər vətəndaşlarının seçki hüquqlarının qorunması Beynəlxalq Monitorinq İnstitutu Bakı filialının əməkdaşları (MDB PAA DİMBİ) Gəncə, Mingəçevir və Bakıdakı seçki dairələrində bələdiyyə seçkilərində səsvermənin təşkili və keçirilməsini müşahidə ediblər. Bu barədə "Report"a MDB PAA DİMBİ Bakı filialından bildiriblər.
Günün ilk yarısında monitorinqdə iştirak edən şəxslərin məlumatına görə, seçki prosesində ciddi pozuntular qeydə alınmayıb.
Qeyd edək ki, işğal altında olan ərazilər istisna olmaqla, 118 dairədə keçirilən bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir. Bələdiyyə üzvlüyünə 37 077 namizəd qeydiyyatdan keçib. Namizədlərin 40%-ni siyasi partiyalar təşkil edir. Seçkidə 8 siyasi partiya iştirak edir, 30 siyasi partiyanın üzvü isə fərdi qaydada seçkiyə qatılıblar.
Seçkiləri izləmək üçün isə 55 551 yerli seçki müşahidəçisi qeydə alınıb. MDB Parlamentlərarası Assambleyasının Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun da 6 nümayəndəsi müşahidəçi kimi akkreditasiyadan keçib.