"Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verib".
"Report"un xəbərinə görə, bu sözləri Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatı zamanı bildirib.
"İstərdik bildirək ki, Ukraynada gedən müharibə və onun nəticələrinə gəldikdə, biz ümumi mövqedən çıxış edirik: diplomatiya və dialoq irəliyə doğru aparan əsas yoldur. Bu, həmçinin Cənubi Qafqaz və digər bölgələr üçün də vacibdir. Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verib. Ukraynadakı müharibəyə gəldikdə, bəyan edirəm ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və istəyirik ki, bu məsələ sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın. Mən, həmçinin bildirdim ki, ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, BMT-də, Avropa Şurasında məhsuldar əməkdaşlıq aparılır. BMT Təhlükəsizlik Şurasına Albaniyanın namizədliyinə, o cümlədən ATƏT-in sədrliyinə dəstək verilməsi ilə bağlı müraciət etdim. Əlbəttə ki, namizədliyə gəldikdə, bizim əməkdaşlığımız bu baxımdan gələcəkdə də davam etdirilməlidir", - Albaniyanın dövlət başçısı vurğulayıb.