Azərbaycan Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak edib Konfransın məqsədi transmilli cinayətlərin istintaqı zamanı mərkəzi orqanlar arasında beynəlxalq və regional əməkdaşlığın inkişaf etdirilməsi olub
Xarici siyasət
6 Dekabr , 2016 11:16
Azərbaycan Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak edib

Bakı. 6 dekabr. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astana şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin təşkilatçılığı ilə “İnternetdən terrorçuluq məqsədləri üçün istifadə edilməsinin qarşısının alınması və mübarizə sahəsində təcrübə mübadiləsi” mövzusunda konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ABŞ, Rusiya, Qazaxıstan, Niderland, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Avropa İnsan Hüquqları Məhkəməsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Anar Məmmədov və Baş Prokurorluğun idarə prokuroru Alim Cəbrayılov təmsil edib.

Konfransın keçirilməsində məqsəd transmilli cinayətlərin istintaqı zamanı mərkəzi orqanlar arasında beynəlxalq və regional əməkdaşlığın inkişaf etdirilməsi olub.

Tədbir çərçivəsində terrorçuluq məqsədilə internetdən istifadə edilməsi ilə bağlı cinayət işləri, həmin cinayətlərin istintaqı zamanı əməliyyat məlumatlarının və sübutların toplanılması, xarici ölkələrdən elektron sübutların alınması və internetdən terrorçuluq məqsədilə istifadə edilməsinin qarşısının alınması mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti tərəfindən qarşılıqlı hüquqi yardım haqqında vəsatətlərin icrası zamanı xarici dövlətlərdən alınan və digər ölkələrə göndərilən sübutlar, eyni zamanda müzakirə edilən digər məsələlər ətrafında geniş məlumat verilib.

Tədbir çərçivəsində maraq doğuran digər məsələlər də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi