“Biz – Ukrayna və Azərbaycan oxşar talelərə sahibik. Bizim heç də həmişə mehriban olmayan qonşularımız var. Bizim bəzi ərazilərimiz işğal altındadır. Sizdə bu, Qarabağ idi, bizdə isə bu, Donbasın bir hissəsi və Krımdır”.
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanda işgüzar səfərdə olan Ukrayna baş nazirinin müavini – müvəqqəti işğal edilmiş ərazilərin yenidən inteqrasiyası naziri Oleksi Reznikov Ağdamda jurnalistlərə bildirib.
“Sizi təbrik edirəm. Siz azad edilmiş torpaqlardasınız və mən burada qonağam. Burada gördüklərimin hamısı, əlbəttə ki, dəhşətli görünür. Ancaq, əminəm ki, gələn dəfə ziyarətə gələndə burada yeni və gözəl bir Ağdam olacaq”, - Reznikov deyib.
Baş nazirin müavini qeyd edib ki, Ukrayna nümayəndə heyətinin səfərinin məqsədi azad edilmiş ərazilərin infrastrukturunun bərpası məsələsində Azərbaycanın təcrübəsi ilə tanış olmaq və əvəzində Ukrayna təcrübəsini təklif etməkdir: “Bildiyiniz kimi, Donbasın azad edilmiş ərazilərinin bir hissəsi də minalanmışdır. Faydalı ola biləcəyimiz sahələrdə yardım əlimizi uzatmağa və eyni zamanda Azərbaycan təcrübəsini öyrənməyə hazırıq. Bizə dost və tərəfdaş olan bir ölkəyə gəlmişik. Minadan təmizlənməli geniş bir əraziniz var və bunun praktikada necə baş verdiyini gördük”.
Baş nazirin müavini Ukraynanın Azərbaycanı dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini vurğulayıb: “Sizin ərazi bütövlüyünüzə və suverenliyinizə hörmət edirik. Hesab edirik ki, heç kim beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişdirmək hüququna malik deyil və öz ərazi bütövlüyümüzə və suverenliyimizin toxunulmazlığına eyni hörməti gözləyirik. Buna görə hər zaman sizin tərəfinizdə olacağıq”.