Yuxarı
    Bağlamaq

    Baş nazirin müavini: "Azərbaycan beynəlxalq aləmdə ikili standartlarla, ədalətsizliklərlə üzləşir və bu, qəbuledilməzdir"

    ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib

    Баку. 31 октября. REPORT.AZ/ Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov oktyabrın 31-də Malta parlamentinin sədri Farrugiya Angelonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ə.Həsənov nümayəndə heyətinə Azərbaycan həqiqətləri, ölkəmizdə gedən inkişaf prosesləri, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.

    Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yeni deyil, onun 200 illik tarixi var. Bu problem çar Rusiyası dövründən başlayıb. Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıb. İndiki Ermənistan Respublikası da tarixi Azərbaycan torpaqları üzərində yaranıb.

    Baş nazirin müavini qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayon işğal olunub, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, milli-mədəni sərvətlərimiz talan edilib, bütün infrastruktur dağıdılıb. Bu, ölkəmizin bir nömrəli problemidir. Digər problemlər isə həllini tapıb.

    Əli Həsənov vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz boşaldılması, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Azərbaycan beynəlxalq aləmdə ikili standartlarla, ədalətsizliklərlə üzləşir. Bu, qəbuledilməzdir.

    Diqqətə çatdırılıb ki, bu gün dünyada qaçqınların sayı 60 milyonu keçib. Münaqişələrin heç biri həllini tapmır. Çünki böyük dövlətlər bu problemləri həll etmək istəmirlər, səbəbini də demirlər.

    Əli Həsənov qeyd edib ki, təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən illərdə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib. Azərbaycan isə müstəqilliyini bərpa edəndən sonra demokratik, hüquqi dövlət qurub. Bu gün Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Son on ildə ölkəmizdə iki dəfə dinlərarası beynəlxalq konfrans keçirilib. Bu tədbirlərdə 160-dək ölkənin dini rəhbərləri iştirak edib.

    Baş nazirin müavini deyib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə irəliləyir və hər zaman da uğurlar əldə edir. Artıq bir neçə ildir ki, Azərbaycan Prezidenti beş strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Bu vəzifələr arasında neft amilindən asılılığın azaldılması da var. Nəticələr də göz qabağındadır. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Diqqət mərkəzində olan digər vəzifələrdən biri də insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılmasıdır. Hər bir strateji istiqamətdə dövlət proqramları var və uğurla icra olunur.

    Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Son 20 ildə onların yaşayışı üçün 6,5 milyard dollar ayrılıb. Bu vəsaitin 3,5 milyard dolları büdcənin, 2 milyard dolları Dövlət Neft Fondunun, 1 milyardı isə beynəlxalq humanitar təşkilatların payına düşür. Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində böyük işlər görür. Amma bu gün Avropa 100-200 min qaçqını yerləşdirə bilmir, bu problemin qarşısında aciz qalıb.

    Qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar aparılır, nəticə isə yoxdur. Ona görə də Azərbaycan iqtisadiyyatını inkişaf etdirir, ordusunu gücləndirir. Bu gün Azərbaycan ordusuna ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən üç dəfə çoxdur.

    Malta parlamentinin sədri Farrugiya Angelo Azərbaycana səfərin məqsədinin Milli Məclisə seçkiləri izləmək olduğunu deyib. O, Malta ilə Azərbaycanın əlaqələrinin normal məcrada inkişaf etdiyini bildirib. Avropada yaşanan qaçqın problemindən danışan Farrugiya Angelo təəssüflə bildirib ki, bir çox Avropa ölkələri qaçqınların qarşısını kəsir, hasar çəkilir, onların gəlişinə maneələr olur. Avropa ölkələri miqrant probleminin həlli ilə bağlı konkret iş görməsələr, belə çıxacaq ki, onlar bu problemin həllində maraqlı deyillər.

    Dağlıq Qarabağ münaqişəsinə toxunan Farrugiya Angelo qeyd edib ki, Malta neytral bir ölkədir, münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. O, Əli Həsənovun Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərinin səmərəsizliyi ilə bağlı fikirlərini bölüşüb. Problemin həlli istiqamətində daha ciddi səylərin göstərilməsinin, dünya ictimaiyyətinin bununla bağlı həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi