Tbilisi. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov Şota Rustaveli Batumi Dövlət Universitetində “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi” auditoriyasında tələbələr qarşısında çıxış edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, məruzə “Beynəlxaql münasibətlərdə Azərbaycan diplomatiyası” mövzusunda olub.
R.İsmayılov Azərbaycanın sürətli inkişafı, həyata keçirdiyi balanslaşdırılmış siyasətlə dünya ictimaiyyətinin diqqətində olduğunu qeyd edib, ölkəmizin iştirakı olmadan hər hansı regional layihənin həyata keçirilməsinin mümkün olmadığını diqqətə çatdırıb.
Azərbaycanın bütün dövlətlərlə bərabər prinsiplər əsasında müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan diplomat, ölkəmizin iqtisadi və hərbi qüdrətinin yüksəldiyini, yaxın qonşularla sülh şəraitində yaşamaqda, dostluq münasibətləri yaratmaqda maraqlı olduğunu bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edən R.İsmayılov Ermənistanın ölkəmizə qarşı əsasız ərazi iddiasında olduğunu, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, təcavüzkar dövlətin BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərini danışıqsız və heç bir şərt qoymadan azad etməsi barədə dörd qətnaməsinə məhəl qoymadığını xüsusi vurğulayıb.
Sonda R.İsmayılov tələbələrin Azərbaycanın xarici siyasəti, Avropanın enerji təminatında ölkəmizin rolu, Ermənistan-Azərbaycan, Dağıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı suallarını cavablandırıb.