Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakıda oktyabrın 2-3-də təbii və texnogen xarakterli fövqəladə vəziyyətlər üzrə Dövlətlərarası Şuranın XXX iclası keçiriləcək.
"Report" MDB-nin İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, iclas zamanı növbəti müddət üçün Dövlətlərarası Şuranın sədri seçiləcək.
Bundan əlavə, iclas iştirakçıları 2016-2017-ci illər ərzindəki fəaliyyətlərinin nəticələrinə yekun vuracaqlar, əməkdaşlığın təkmilləşdirilməsi üzrə tədbirlər planı və MDB üzvü olan dövlətlərin təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı qarşılıqlı bildirişlərinin yoxlanılması üzrə plan-qrafik hazırlayacaqlar.
Şura üzvləri MDB ölkələri arasında fövqəladə hallar barədə xəbərdarlıq etmə və onların aradan qaldırılması sahəsində əməkdaşlığın hüquqi-saziş bazasının təkmilləşdirilməsi məsələsini də müzakirə edəcəklər.