Bakıda "Media və dekolonizasiya" beynəlxalq konfransının ikinci sessiyası keçirilib

Xarici siyasət
  • 11 iyul, 2026
  • 12:55
Bakıda Media və dekolonizasiya beynəlxalq konfransının ikinci sessiyası keçirilib

Bakıda "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" beynəlxalq konfransının ikinci sessiyası keçirilib.

"Report" xəbər verir ki, konfrans Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil olunub.

"Global Family Media" (Ruanda) şirkətinin media və kommunikasiyalar üzrə mütəxəssisi Nezeza Muzi Alin qeyd edib ki, KİV insanların dünyanı və tarixi necə qəbul etməsində mühüm rol oynayır:

"Uzun illər boyu Afrika haqqında bir çox hekayələr qitənin hüdudlarından kənarda olan insanlar tərəfindən danışılıb. Bu gün getdikcə daha çox afrikalı öz hekayələrini danışaraq qitənin təkcə problemlərini deyil, həm də innovasiyalarını, mədəniyyətini, dayanıqlılığını və nailiyyətlərini nümayiş etdirir".

Onun sözlərinə görə, məsuliyyətli jurnalistika mədəniyyəti qorumağa, icmaları birləşdirməyə kömək edir:

"İnsanlar şəxsi hekayələrini öz səsləri ilə danışmaq imkanı əldə etdikdə, media daha inklüziv olur və cəmiyyətin müxtəlifliyini əks etdirir".

M.Alin, həmçinin Ruandanı nümunə gətirərək qeyd edib ki, 1994-cü il soyqırımından sonra ölkədə məsuliyyətli jurnalistikanın əhəmiyyətini dərk ediblər: "Bu gün Ruandada media birlik, barışıq, sülh və milli inkişafın təşviqində mühüm rol oynayır. Ruandanın təcrübəsi göstərir ki, KİV ya parçalanmanı gücləndirə, ya da anlayış və davamlı sülh alətinə çevrilə bilər".

BACIDE tədqiqat bürosunun (Burkina-Faso) direktoru Konate Mussa qeyd edib ki, müstəmləkə siyasəti yalnıca ərazi nəzarətinə və resurslardan istifadəyə deyil, həm də xalqlar haqqında təsəvvürlərin formalaşmasına təsir edib: "Müstəmləkə sistemləri formal olaraq yoxa çıxıb, lakin onları hərəkətə gətirən məntiq müasir informasiya məkanını tam tərk etməyib".

Onun sözlərinə görə, rəqəmsal texnologiyalar yerli xalqlara və azlıqlara birbaşa öz təcrübələri barədə danışmaq imkanı verib, lakin dezinformasiya, dil maneələri və rəqəmsal mühitdəki bərabərsizlik hələ də onların imkanlarını məhdudlaşdırır: "Jurnalistlər və müstəqil KİV-lər arasında əməkdaşlığı gücləndirmək, dillərin və tarixi yaddaşın qorunmasını dəstəkləmək, həmçinin xalqların daha ədalətli şəkildə təmsil olunması üçün şərait yaratmaq lazımdır".

FOR YOU MEDIA (Kamerun) portalının jurnalisti Nqene Lui Bodler bildirib ki, dekolonizasiya uğrunda mübarizə bu gün həm də informasiya məkanında aparılır: "Müstəmləkəçilik heç vaxt yalnız silah və ya resursların talan edilməsi ilə məhdudlaşmayıb. Onun ən güclü silahı həmişə şüurlara təsir etmək, dili zorla qəbul etdirmək və reallığı tək bir nöqteyi-nəzərdən süzgəcdən keçirmək bacarığı olub".

Onun sözlərinə görə, müasir KİV-lər Afrikadakı hadisələrin işıqlandırılmasında çox vaxt ikili standartları təkrarlamağa davam edir: "Afrikanın innovasiyaları çox vaxt diqqətdən kənarda qalır, afrikalıların problem və əziyyətləri isə iri nəşrlərin əsas mövzusuna çevrilir".

Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş redaktorunun müavini Orxan Muradov qeyd edib ki, KİV tarixi və müasir proseslərin qavranılmasının formalaşmasında mühüm rol oynayır.

Onun sözlərinə görə, müstəmləkəçilik əsrlər boyu yalnız siyasi və hərbi güclə deyil, həm də informasiyaya nəzarət vasitəsilə dəstəklənib: "Müstəmləkə administrasiyaları çox vaxt kimin tarixinin qeydə alınacağını, kimin kimliyinin tanınacağını və kimlərin səsinin eşidilməyəcəyini müəyyən edirdilər".

O.Muradov vurğulayıb ki, KİV siyasi prosesləri müəyyən etmir, lakin insanların və bütöv icmaların eşidilib-eşidilməyəcəyinə və başa düşülüb-düşülməyəcəyinə təsir göstərir.

44 - Tezliklə