Noyabrın 4-6-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VIII Qlobal Bakı Forumu keçiriləcək.
“Report” xəbər verir ki, forumda müxtəlif panellərdə “COVID-19-dan sonra yeni dünya nizamı”, “Yeni Dünya İqtisadiyyatı”, “Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və enerjiyə olan qlobal ehtiyacların təmin edilməsinin bir araya gətirilməsi yolları”, “İqlim dəyişikliyi və dayanıqlı inkişaf”, “Səhiyyə və əhalinin vaksinasiyası”, “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” və digər mövzular müzakirə olunacaq.
Forum hibrid formatda keçiriləcək. Müxtəlif ölkələrin nümayəndələri tədbirdə əyani formada və videokonfrans rejimində iştirak edəcəklər. Panellərdə yerli və xarici ekspertlərin, siyasi xadimlərin və iqtisadçıların, beynəlxalq təşkilatların nümayəndələrinin və bir çox digər şəxslərin çıxışı nəzərdə tutulur.
Qeyd edək ki, Qlobal Bakı Forumu 2013-cü ildən etibarən keçirilir, beynəlxalq vəziyyət, həmçinin sülh və təhlükəsizliyə ən ciddi təhdidlər müzakirə olunur.