Yuxarı

Bakıda İran İslam İnqilabının 36-cı ildönümü qeyd edilib

Səfir: Biz Dağlıq Qarabağın münaqişənin həll olunması üçün dua edirik

Bakı. 12 fevral. REPORT.AZ/ Bakıda İran İslam İnqilabının 36-cı ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil olunub.

“Report”un məlumatına görə, tədbirdə çıxış edən İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib ki, İslam inqilabı müasir dünyanın ən iri inqilabı olub və İran xalqının uzun müddət apardığı mübarizənin nəticəsidir.

Səfir əlavə edib ki, bu gün İran ona qarşı tətbiq edilən qanunsuz sanksiyalara baxmayaraq, bir sıra nailiyyətlərə imza atıb: “Biz regionda tibb sahəsində liderik. Həmçinin biz fəzaya canlını göndərdik və orbitə peykimizi buraxdıq”, -  M.Pak Ayin vurğulayıb.

Diplomat İranla Azərbaycan arasında əlaqələrə də toxunub. Bu mənada o, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərlərini qeyd edib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan səfir qeyd edib ki, münaqişənin sülh yolu və beynəlxalq qanuna əsaslanaraq həll edilməsi regionda sülh və stabilliyinin bərqərar olunmasına yol açacaq: “Biz dua edirik ki, münaqişə həll olunsun”.

Sonra söz alan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev hökumət adından İran xalqını bayram münasibətilə təbrik edib. Nazir də çıxışında ölkələr arasında ən yüksək səviyyədə həyata keçirilən görüşlərin vacibliyini qeyd edib və xatırladıb ki, 2014-cü ildə İlham Əliyev və Həsən Ruhani 4 dəfə görüşüblər.

 Ş.Mustafayev bildirib ki, iki ölkə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir.

Sonda Ş.Mustafayev və M.Pak Ayin bayram tortunu kəsiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi