Bakıda Holokost Qurbanlarının Anım Günü ilə bağlı tədbir keçirilib

Bakıda Holokost Qurbanlarının Anım Günü ilə bağlı tədbir keçirilib Yanvarın 27-də ADA Universitetində Holokost Qurbanlarının Anım Günü və antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə ilə əlaqədar tədbir keçirilib.
Xarici siyasət
27 Yanvar , 2022 13:59
Bakıda Holokost Qurbanlarının Anım Günü ilə bağlı tədbir keçirilib

Yanvarın 27-də ADA Universitetində Holokost Qurbanlarının Anım Günü və antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə ilə əlaqədar tədbir keçirilib.

“Report” xəbər verir ki, BMT-nin Azərbaycan ofisi, İsrail və Niderlandın Azərbaycandakı səfirlikləri tərəfindən təşkil olunmuş tədbirdə diplomatik korpus və ictimaiyyət nümayəndələri, ekspertlər iştirak ediblər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev deyib ki, Holokostun səbəbləri bu cür faciələrin bir daha baş verməməsi naminə hərtərəfli tədqiq olunur: "Bu hadisələri şərtləndirən amillərin üzə çıxması gələcəkdə insanlığa qarşı bənzər cinayətlərin qarşısının alınmasına təsir edir".

O, həmçinin Azərbaycan xalqının erməni millətçiləri tərəfindən etnik təmizləmələrə, soyqırıma məruz qaldığını xatırladıb.

Niderlandın Azərbaycandakı səfiri Paulin Eizema nasist Almaniyasında yaşamış Anne Frank adlı yəhudi qızın taleyindən bəhs edib: "Həmin qız ailəsi ilə bir yerdə təqiblərdən qurtulmaq üçün Niderlanda köçür, həmin ölkə nasistlər tərəfindən işğal olunandan sonra bir müddət gizlənsələr də, həbs edilərək toplama düşərgəsinə göndərilir. Həmin düşərgə azad ediləndən az öncə Anne yatalaq xəstəliyindən dünyasını dəyişir. Onun yazdığı gündəlik müharibədən sonra atası tərəfindən nəşr etdirilir".

Səfir həmin gündəliyin Azərbaycan dilində də işıq üzünü gördüyünü deyib: “Bu gün də həmin kitabı oxuyarkən onu yad edirik”.

Holokost hadisələrinin Leon Şvarz adlı şahidi kiçik xatirələrini danışıb və deyib ki, Ukraynada yəhudilərin qırğını zamanı edam olunmaq üçün gətirilən ailə üzvləri təsadüf nəticəsində sağ qalıblar.

O zaman kiçik uşaq olan L.Şvarz babasının “güllə səsi gələn kimi özünü yerə at” məsləhətinə əməl edib: "Hamımız özümüzü yarğana atdıq. Burada o qədər meyit vardı ki, bizə yer yox idi”.

Tədbir iştirakçıları Holokost şahidlərinin az olduğunu nəzərə alaraq “Yaddaş mühafizləri” adlı təşəbbüs irəli sürərək, faciəli hadisələrin unudulmaması üçün L.Şvarz tərəfindən nəql edilən əhvalatların xatirələrdə qalacağını bildiriblər.

Son xəbərlər

Orphus sistemi