VIII Bakı Qlobal Forumu çərçivəsində ictimai səhiyyə və peyvəndləmə məsələlərinə həsr olunmuş beşinci panel keçirilib.
“Report” xəbər verir ki, müzakirələrdə İsrailin sabiq prezidenti, 2006-2009-ci illərdə Knessetin prezidenti Daliya İtzik ölkəsinin koronavirusa qarşı peyvəndləmə sahəsindəki nailiyyətlərindən danışaraq, peyvəndləmə vasitəsilə hətta virusun yeni növlərinin öhdəsindən gəlməyin mümkünlüyünü bildirib.
Azərbaycanın səhiyyə naziri əvəzi Teymur Musayev bildirib ki, koronavirus epidemiyasının ilk günlərindən Azərbaycanda bütün zəruri tədbirlər görülüb. O, ölkəyə xüsusi avadanlığın gətirildiyini, koronavirus xəstələri üçün xəstəxanaların açılaraq təchiz olunduğunu diqqətə çatdırılıb.
Natiq indiyədək ölkədə 18 yaşdan yuxarı əhalinin 60 faizinin peyvəndləmədən keçdiyini deyib: “Azərbaycan peyvəndləmənin tətbiq olunduğu ilk ölkələrdəndir”.
Tacikistan Prezidentinin sosial inkişaf və ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Emomali Nasriddinzoda pandemiyanın təhsildə yaratdığı fəsadlardan danışıb, məsafəli tədrisin təşkilində çətinliklərin olduğunu, müvafiq texnologiyaların qıtlığından söz açıb. O, daha çox ibtidai məktəb şagirdlərinin məsafəli tədrisində çətinliklərin olduğunu vurğulayıb.
Sloveniyanın sabiq Prezidenti Danilo Türk panel iştirakçılarına videomüraciətində koronavirus dərmanlarının dünyada qeyri-bərabər bölüşdürülməsinə son qoymağa çağırıb. O, həmçinin gələcək pandemiyalara hazır olmaq üçün səyləri birləşdirəcək beynəlxalq platform yaratmağın vacibliyini deyib.