Yuxarı

​Bahar Muradova: "Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın komitə iclaslarında bir çox nailiyyətlərə imza atıb"

Deputatlarımız ölkəmiz üçün vacib məsələləri qaldırıb və onların bir çoxunun qətnamələrdə əksini tapmasına nail olub

Tbilisi. 3 iyul. REPORT. AZ/ Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın 25-ci sessiyasında çox məhsuldar işləyib. Deputatlarımız üç gün ərzində ölkəmiz üçün vacib olan məsələləri qaldırıb və onların bir çoxunun qurumun qərar qətnamələrində əksini tapmasına nail olublar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

O bildirib ki, iyulun 3-də qurumun 3 komitəsinin iclası keçirilib. İclaslarda Azərbaycan, eləcə də ATƏT regionu üçün vacib olan mühüm məsələlər, o cümlədən qətnamə layihələri müzakirə olunub. Deputatlarımız qətnamə layihələrinə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra düzəlişlərə nail olub.

Azərbaycan nümayəndə heyəti üzvlərinin təklif etdikləri əlavələrin böyük bir qismi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub: “Azərbaycan məruzə və qətnamə layihələrinin hazırlanması zamanı prosedur qaydalara uyğun olaraq bir sıra təkliflər irəli sürüb. Biz həlli uzadılmış münaqişələrin, ATƏT regionu və Avropanın təhlükəsizliyi üçün təhdidlərin bu sənədlərdə əksini tapmamasına narazılığımızı bildirmişik. Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. Daha çox diqqət mərkəzində saxladığımız məsələ Dağlıq Qarabağ münaqişəsi idi. ATƏT PA-nın iştirakçıları son vaxtlar bu məsələyə ciddi diqqət yetirməyə başlayıblar. 

Əgər əvvəllər biz dövlətlərin ərazi bütövlüyü, suverenliyi, işğal, təcavüz və s məsələlərin sənədlərdə əksini tamasında müəyyən çətinliklərlə üzləşirdiksə, artıq avropalıların mövqeyi dəyişib. Ona görə də Azərbaycan tərəfinin həlli uzadılmış münaqişələrin təhlükəsizliyə təhdid, ümumi inkişafa və əməkdaşlığa maneə olması, eləcə də miqrantlar, qadınların və uşaqların haqlarının qorunması ilə bağlı təklifləri çoxluq tərəfindən qəbul olundu”- deyə Bahar Muradova vurğulayıb.

O, bildirib ki, ermənilər bu iclaslarda da öz adətlərinə xilaf çıxmayıb, yenə də Azərbaycana qarşı iftİra atmaqda davam ediblər. Ermənistan nümayəndə heyətinin rəhbəri aprel hadisələrində Azərbaycanı günahlandırıb və Azərbaycan Ordusunu qondarma Dağlıq Qarabağ Respublikasının ərazisinə hücum etməkdə ittiham edib. Azərbaycan nümayəndə heyətinin üzvləri öz çıxışlarında erməni tərəfinin absurd fikirlərinin əsassız olduğunu bildirib, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğunu bir daha tutarlı sübutlarla diqqətə çatdırıb. Deputatlarımızın gərgin əməyi nəticəsində qətnamə layihələrində mövcud münaqişələrin həllinin vacibliyi məsələsi öz həllini tapıb.

Milli Məclis sdərinin müavini əlavə edib ki, iclaslarda Ermənistan nümayəndə heyətinin də bir sıra təklifləri olub. Ermənilər qətnamə layihələrində “millətlərin öz müqəddəratını təyin etməsi”, “ATƏT sədrinin səlahiyyətlərinin azaldılması”, “işğal altında olan ərazilərin azad edilməsində güc tətbiqinə qadağa qoyulması” kimi təkliflər irəli sürüblər. Lakin Azərbaycan tərəfinin arqumentlərə söykənən tutarlı cavabları nəticəsində bu təkliflərin heç biri qəbul olunmayıb.

ATƏT PA-nın iqtisadi komitəsində də vacib məsələlər müzakirə olunub. Xüsusən də Çernobıl faciəsi ilə bağlı bəndin müzakirəsi zamanı Azərbaycan tərəfinin seysmik aktiv zonalardakı obyektlərin, köhnə avadanlığı olan, istismara yarasız atom elektrik stansiyalarının bağlanması ilə bağlı çox ciddi bir təklifləri nəzərə alınıb.

Milli Məclis sədrinin müavini nümayəndə heyətinin üç günlük fəaliyyətini yüksək qiymətləndirib və növbəti iclaslarda da Azərbaycanın haqlı mövqeyinin müdafiə olunacağını, ATƏT regionu və bütövlükdə dünya üçün vacib olan məsələlərin qəbulunda fəal iştirak edəcəklərini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi