Yuxarı

Azərbaycanlı nazir "G20" dövlətlərinin toplantısında çıxış edəcək

Türkiyədə G20 dövlətlərinin əmək və məşğulluq nazirlərinin toplantısı keçirilir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə keçirilən "G20" dövlətlərinin əmək və məşğulluq nazirlərinin toplantısında iştirak edir.

Bu barədə "Report"a Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

Onun sözlərinə görə, toplantıda əmək bazarının inkişaf etdirilməsi, daha inklüziv əmək bazarının təşkili, insan resurslarının inkişafına investisiyanın artırılması, işçi qüvvəsinə tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması kimi məsələlər müzakirə olunacaq.

Yığıncaqda Səlim Müslümovun çıxışı nəzərdə tutulub.

İkigünlük müzakirələrdən sonra toplantı iştirakçılarının birgə bəyanat qəbul edəcəyi də nəzərdə tutulub.

Həmçinin, "G-20"nin əmək və məşğulluq nazirlərinin birgə bəyanat imzalaması da planlaşdırılıb.

Qeyd edək ki, toplantıda Azərbaycanla yanaşı, ABŞ, İngiltərə, Rusiya, Fransa, Almaniya, İtaliya, Səudiyyə Ərəbistanı, İspaniya, Sinqapur, Yaponya, Meksika, Argentina, Avstraliya, Polşa, Cənubi Koreya, Braziliya, Kanada, Çin, Hindistan, İndoneziya, Cənubi Afrika Respublikası və Seneqalın nazirləri və təmsilçiləri iştirak edir.

Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Təşkilat ("OECD"), Beynəlxaq Əmək Təşkilatının, habelə başqa beynəlxalq və qeyri-hökumət təşkilatların nümayəndələri də tədbirə qatılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi