İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi münasibətlərinin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əməkdaşlığımızın dərinləşməsində önəmi vurğulanıb, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması ilə yanaşı, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT, bərpa olunan enerji və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişinin həyata keçirilməsi Moldovanın da yerləşdiyi regionun enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.