Yuxarı

Azərbaycanın multikultural ənənələri yüksək qiymətləndirilib

Elmar Məmmədyarov Los-Ancelesdə yerləşən Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuper ilə görüşüb

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Los-Ancelesdə yerləşən Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuper ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycanda yəhudi icmasının əsrlər boyu müxtəlif dini konfessiyaların nümayəndələri ilə dinc yanaşı yaşadığını bildirərək ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan xalqının yüksək tolerantlıq mədəniyyətinə malik olduğunu qeyd edib, multikulturalizm və tolerantlığın Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb, ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqun qlobal səviyyədə təşviqi məqsədilə bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Ravvin Abraham Kuper ölkəmizlə ilk tanışlığının 1972-ci ilə təsadüf etdiyini bildirib, Azərbaycana yenidən səfər etməsindən məmnunluğunu ifadə edib. O, ötən dövr ərzində ölkəmizin sürətli inkişafa nail olduğunu qeyd edib, Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin nümunəvi xarakter daşıdığını vurğulayıb. A.Kuper ölkəmizdə dini azadlığın yüksək səviyyədə təmin olunmasını, Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılmasını yüksək qiymətləndirərək, bu barədə ABŞ və eləcə də dünya ictimaiyyətinin məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb.

Görüşdə dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi