Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın Los-Ancelesdəki baş konsulu ABŞ-ın Aydaho Ştatının qubernatoru ilə görüşüb

    Konsul qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb

    Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Aydaho Ştatının qubernatoru C.L. “Batç” Otterin rəsmi dəvəti ilə həmin ştatda səfərdə olub.

    Bu barədə “Report”a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

    Səfər müddətində baş konsul ştat qubernatoru Otter ilə görüş keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

    Görüş zamanı Azərbaycan ilə Aydaho ştatı arasında müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, təhsil və mədəniyyət üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

    Müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu barədə qubernatora məlumat verən baş konsul N.Ağayev, Aydaho ştatı ilə Azərbaycanın münasibətlərinin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

    Diplomat, həmçinin Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açaraq, bu gün ölkədə müxtəlif dinlərin və millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul, son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini və artıq özünü kifayət qədər təsdiq etmiş bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.

    Öz növbəsində, qubernator Otter keçirilən görüşdən məmnunluq duyduğunu ifadə edərək, Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində Aydaho ştatının maraqlı olduğunu bildirib.

    Qeyd edək ki, səfər müddətində baş konsul N.Ağayev Aydaho Ştatının digər rəsmiləri, həmçinin yerli icma nümayəndələri və müxtəlif media təmsilçilərilə görüşlər keçirib.         

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi