Azərbaycanın İstanbuldakı Baş konsulluğunda Zəfər Günü ilə bağlı tədbir keçirilib

Azərbaycanın İstanbuldakı Baş konsulluğunda Zəfər Günü ilə bağlı tədbir keçirilib Azərbaycanın İstanbuldakı Baş konsulluğu Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü münasibətilə təntənəli bayram tədbiri keçirib.
Xarici siyasət
6 Noyabr , 2021 00:32
Azərbaycanın İstanbuldakı Baş konsulluğunda Zəfər Günü ilə bağlı tədbir keçirilib

Azərbaycanın İstanbuldakı Baş konsulluğu Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü münasibətilə təntənəli bayram tədbiri keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz, İstanbul valisinin müavini Özlem Bozkurt Gevrek, İstanbulun müxtəlif rayonlarının bələdiyyə sədrləri, Azərbaycanın qardaş ölkədə fəaliyyət göstərən dövlət qurumlarının rəsmiləri, burada yaşayan və fəaliyyət göstərən həmvətənlərimiz iştirak ediblər.

İki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın İstanbuldaki Baş konsulu Nərminə Mustafayeva bayram münasibətilə öz təbriklərini çatdırıb.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində əldə edilən bu şanlı qələbə yalnız Azərbaycanın deyil, eyni zamanda bu mübarizədə bizə dəstək verən qardaş Türkiyənin zəfəridir.

Öz çıxışında bu tarixin bizim üçün Zəfər Günü olaraq daima yaşayacağını vurğulayan Milli Məclisin deputatı Anar Məmmədov qələbənin Prezident İlham Əliyevin doğru siyasəti, şanlı Ordumuzun qəhrəmanlığı ilə qazanıldığını bildirib:

"Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksələn xətlə davamlı inkişafı təkcə bu dövlətlərin deyil, ümumilikdə regionun inkişafına və bölgədə sülhün təminatına mühüm töhfələr verməklə yanaşı, Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirir. Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu".

Qarabağda aparılan bərpa-yenidənqurma işləri haqqında danışan deputat hazırda dövlətimiz tərəfindən bu ərazilərdə infrastruktur, kommunikasiya kimi bir çox sahələrin yenidən qurulduğunu, yeni hava limanlarının inşa edildiyini vurğulayıb.

Digər çıxış edənlər Qarabağ zəfərini bütün türk dünyasının bayramı kimi qiymətləndiriblər.

Tədbir Azərbaycanın musiqi və rəqslərindən ibarət bədii hissə ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi