Azərbaycanın Berlindəki səfirliyində Heydər Əliyevin anım mərasimi keçirilib

Azərbaycanın Berlindəki səfirliyində Heydər Əliyevin anım mərasimi keçirilib Azərbaycanın Almaniyadakı səfirliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində "Müasir Azərbaycan Respublikasının banisi və Azərbaycan xalqının Ümummilli Lideri" başlığı altında tədbir təşkil edib.
Xarici siyasət
12 Dekabr , 2024 13:18
Azərbaycanın Berlindəki səfirliyində Heydər Əliyevin anım mərasimi keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində "Müasir Azərbaycan Respublikasının banisi və Azərbaycan xalqının Ümummilli Lideri" mövzusunda tədbir keçirib.

Azərbaycanın Almaniyadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, bir sıra ölkələrin Berlindəki səfirləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ümummilli Lider Heydər Əliyevin müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında milsilsiz xidmətlərindən söz açıb. Diplomat bildirib ki, 1990-cı illərin əvvəllərində ərazisinin 20 faizi işğal edilən Azərbaycan müstəqilliyin itirilməsi, parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən məhz öz həyatını doğma xalqına və Vətəninə həsr edən Ulu Öndər Heydər Əliyevin sarsılmaz qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində xilas olaraq, dinamik inkişaf yoluna qədəm qoyub.

Səfir müstəqil Azərbaycanın gələcək inkişafının təməllərinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, neft strategiyasının müəyyənləşdirildiyini, bütün sahələrdə tərəqqiyə nail olunduğunu, ölkədə bütün dinlərin və millətlərin nümayəndələrinin bir ailə kimi yaşayışının təmin olunduğu miltikulturalizm və tolerantlıq modelinin inkişaf etdirildiyini vurğulayıb.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasının Heydər Əliyevin ən böyük arzusu olduğunu bildirən səfir bu arzunun artıq reallığa çevrildiyini və Ulu Öndərin ruhunun şad olduğunu qeyd edib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə tanınmış opera müğənnisi Çinarə Şirinin fortepianoda Səbinə Məmmədovanın müşayiəti ilə rəngarəng ifası və skripkaçı Elvin Hoca Qəniyevin çıxışı böyük maraqla qarşılanıb. Tədbir iştirakçılarına Azərbaycanın zəngin tarixi-mədəni irsini əks etdirən nəşrlər təqdim olunub.

Son xəbərlər

Orphus sistemi